
Hər il 8 mart tarixində dünyada Beynəlxalq Qadınlar Günü qeyd olunur. Bu gün qadınların cəmiyyətdə tutduğu mövqeyə, onların hüquqlarının qorunmasına və sosial həyatda oynadıqları mühüm rola diqqətin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda bu bayram qadınlara göstərilən hörmət, sevgi və ehtiramın ifadəsi kimi də qeyd olunur.
Azərbaycan qadınları tarix boyu xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynamışdır. Onlar ailənin əsas dayağı olmaqla yanaşı, ana dilimizin, mədəniyyətimizin və adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsində böyük xidmətlər göstərmişlər. Azərbaycan qadını hər zaman öz müdrikliyi, sədaqəti və vətənpərvərliyi ilə cəmiyyətin inkişafına töhfə vermişdir.
Bu gün Azərbaycanda qadınların ictimai və siyasi həyatda iştirakı genişlənmişdir. Onlar təhsil, elm, mədəniyyət, səhiyyə, iqtisadiyyat və dövlət idarəçiliyi kimi müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Tarixən Azərbaycan qadınlarına seçmək və seçilmək hüququnun verilməsi də ölkəmizdə gender bərabərliyinə verilən önəmin göstəricisidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində mühüm addımlar atılmışdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti də qadınların ictimai həyatda daha fəal iştirak etməsinə və sosial layihələrin həyata keçirilməsinə böyük töhfə verir.
Bu gün Azərbaycan qadınları ölkənin inkişafında fəal iştirak edərək dövlətimizin tərəqqisinə öz töhfələrini verirlər. Onların zəhməti və fəaliyyəti sayəsində cəmiyyətimiz daha da güclənir və inkişaf edir.
Bəkirli Mürsəl,
YAP-ın gənc fəalı



