
8 Noyabr Azərbaycan xalqının tarixində ən qürurlu və şərəfli günlərdən biridir. Bu gün 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatdığı, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu gündür. 2020-ci ilin bu günündə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı azad edərək xalqımıza tarixi qələbə bəxş etdi. Bu zəfər həm müstəqilliyimizin, həm də milli birliyimizin rəmzinə çevrildi.
Zəfər Gününün ən parlaq simvolu Şuşanın azad edilməsidir. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa, qəhrəman əsgərlərimizin misilsiz igidliyi və Ali Baş Komandanın qətiyyəti sayəsində düşmən tapdağından azad olundu. Şuşanın azadlığı təkcə bir şəhərin deyil, bütün Azərbaycanın ruhunun, qürurunun, heysiyyətinin dirçəlişi demək idi.
Bu möhtəşəm qələbə təkcə hərbi gücün deyil, həm də xalqın birliyinin, inamının və sədaqətinin nəticəsidir. Müharibə dövründə bütün Azərbaycan xalqı ordusunun yanında oldu. Əsgərlərə göndərilən dualar, yardımlar və mənəvi dəstək bu birliyin bariz nümunəsi idi. Hər bir vətəndaş bu qələbənin yaranmasında öz payına düşən məsuliyyəti dərk edərək Vətənə xidmət borcunu yerinə yetirdi.
Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, diplomatik bacarığı və qətiyyətli mövqeyi bu zəfərin əsas dayaqlarından biri oldu. Onun “Qarabağ Azərbaycandır!” sözləri təkcə bir şüar deyil, xalqın qəlbində yaşayan inamın ifadəsinə çevrildi. Bu inam bizi qələbəyə aparan ən güclü silah idi.
Zəfər Günü bu gün hər il böyük coşqu ilə qeyd olunur. Bayrağımız azad edilən torpaqlarda dalğalanır, şəhidlərimizin xatirəsi ehtiramla yad edilir. Azad Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda və digər bölgələrdə quruculuq işləri aparılır. Bu, həm də gələcəyə inamın, yenidən doğulan Qarabağın təntənəsidir.
Bu möhtəşəm gün bizə bir daha göstərdi ki, Azərbaycan xalqı bir olduqda qarşısında heç bir güc dura bilməz. 8 Noyabr təkcə Zəfər Günü deyil, həm də milli qürurumuzun, birliyimizin və müstəqilliyimizin bayramıdır. Qələbəmiz əbədi, Zəfər Günümüz mübarək olsun!
Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri



