AnalitikaGündəmMədəniyyət

Əlifba hər bir xalqın mədəni irsinin daşıyıcısı, dilin yazılı ifadəsinin əsas vasitəsi, təhsil və maarifləndirmənin təməlidir

Azərbaycan xalqı minilliklər boyu zəngin tarixə, mədəni irsə və ədəbi ənənələrə malik bir millət olaraq öz dilini və əlifbasını daim qoruyub saxlamışdır. 1 Avqust tarixi isə bu baxımdan xüsusi bir məna daşıyır. Bu gün Azərbaycan əlifbası günü kimi qeyd olunur və milli kimliyimizin, mədəni müstəqilliyimizin rəmzi olan latın qrafikalı əlifbamızın rəsmi şəkildə tətbiq olunduğu gündür. Azərbaycan əlifbası zaman-zaman dəyişikliklərə məruz qalıb və bu dəyişikliklər birbaşa olaraq ölkəmizin ictimai-siyasi vəziyyəti ilə əlaqədar olub. Uzun əsrlər boyunca Azərbaycan dili ərəb qrafikasında yazılmış, bu dövrdə yüzlərlə qiymətli ədəbi nümunələr ərsəyə gəlmişdir. Lakin ərəb əlifbası Azərbaycan türkcəsinin fonetik xüsusiyyətlərini tam şəkildə ifadə edə bilmədiyi üçün zamanla dəyişiklik zərurəti yaranmışdır.  1929-cu ildə Sovet hökumətinin təşəbbüsü ilə latın qrafikalı əlifbaya keçid baş tutdu. Bu dəyişiklik Azərbaycan ədəbi dili üçün mühüm mərhələ hesab olunur. Lakin 1939-cu ildə siyasi səbəblərlə kiril əlifbası tətbiq edildi və bu, milli mədəniyyətə, xüsusilə də Azərbaycan dilinin inkişafına müəyyən mənada mənfi təsir göstərdi. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz milli dəyərlərinə və köklərinə dönüş prosesinə start verdi. Məhz bu dövrdə Azərbaycan dili və onun qrafikası məsələsi aktuallaşdı. 1992-ci il 1 avqust tarixində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə latın qrafikalı Azərbaycan əlifbası yenidən rəsmi status aldı. Bu addım Azərbaycan xalqının dil, mədəniyyət və kimlik məsələlərində müstəqil qərar verməsinin açıq göstəricisi oldu. Əlifba hər bir xalqın mədəni irsinin daşıyıcısı, dilin yazılı ifadəsinin əsas vasitəsi, təhsil və maarifləndirmənin təməlidir. Latın qrafikalı əlifbaya keçid yalnız texniki dəyişiklik deyildi – bu, Azərbaycan xalqının milli dirçəlişinin, dünya ilə inteqrasiyasının, və mədəni suverenliyinin bariz nümunəsi idi. Yeni əlifba gənc nəslin dünya dillərini öyrənməsində, informasiya texnologiyalarına çıxışında da əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycan əlifbası təkcə məktəblərdə tədris olunan simvollar toplusu deyil. O, bir xalqın keçmişinin, bu gününün və gələcəyinin aynasıdır. 1 Avqust – Azərbaycan əlifbası günü, bu aynaya daha diqqətlə baxmaq, milli varlığımızı dəyərləndirmək və gələcək nəsillərə çatdırmaq üçün bir fürsətdir.

Günel Əbdürəhmanova
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button