Azərbaycan mətbuatının 150 illiyi yalnız keçmişə baxış deyil, həm də gələcəyə istiqamət verən bir mərhələdir

2025-ci ildə Azərbaycan mətbuatı özünün 150 illik yubileyini qeyd edir. Bu əlamətdar tarix yalnız bir medianın yaranmasının deyil, həm də xalqımızın maariflənməsi, milli kimliyimizin formalaşması və ictimai fikrin inkişafında mühüm rol oynamış güclü bir ənənənin ildönümüdür.
1875-ci ilin iyul ayının 22-fə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunmuş “Əkinçi” qəzetinin çapdan çıxması ilə əsası qoyulan milli mətbuat o gündən bu günə qədər keşməkeşli, lakin şərəfli bir yol keçib.
“Əkinçi” qəzetinin əsas məqsədi xalqı maarifləndirmək, savadsızlığa qarşı mübarizə aparmaq və dövrün ictimai problemlərini qaldırmaq idi. Həsən bəy Zərdabi Azərbaycan mətbuatının banisi kimi yalnız bir jurnalist deyil, həm də ictimai xadim, təhsil və elmin təbliğatçısı kimi tarixə düşüb. Onun qoyduğu təməl üzərində sonrakı illərdə “Ziya”, “Kəşkül”, “İrşad”, “Molla Nəsrəddin”, “Azərbaycan” kimi nəşrlər fəaliyyət göstərib və mətbuatın ideoloji, bədii və maarifçilik istiqamətlərini zənginləşdirib.
Keçmiş sovet dövründə mətbuat dövlətin ideoloji alətinə çevrilsə də, istedadlı qələm sahibləri milli dəyərləri qoruyub saxlamaq üçün bədii forma və simvolizmdən istifadə edərək oxuculara mühüm fikirlər çatdırmağa çalışıblar. Bu dövrün mətbuat orqanları içərisində “Kommunist”, “Bakinskiy raboçiy”, “Azərbaycan gəncləri” və digər qəzet və jurnallar mühüm yer tutub.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuat azadlığı sahəsində yeni imkanlar yarandı. Ulu Öndər Heydər Əliyevin mediaya xüsusi diqqəti və qayğısı ilə senzuranın ləğvi, yeni nəşrlərin meydana çıxması və jurnalistikanın peşəkarlaşdırılması dövrü başlandı. Prezident İlham Əliyevin dövründə isə elektron media, internet portallar və sosial şəbəkələrin yayılması ilə informasiya məkanında ciddi dəyişikliklər baş verdi. Bu gün Azərbaycanda yüzlərlə qəzet, jurnal, televiziya kanalı və onlarla xəbər portalları fəaliyyət göstərir.
Müasir dövrdə informasiya bolluğu ilə yanaşı, dezinformasiya və “fake news” kimi təhlükələr də artmaqdadır. Buna görə də jurnalistikanın obyektivliyi, peşəkarlığı və ictimai məsuliyyəti daha da ön plana çıxır. Eyni zamanda, süni intellekt və rəqəmsal texnologiyaların mediaya inteqrasiyası, jurnalistikanın yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Bir sözlə, Azərbaycan mətbuatının 150 illiyi yalnız keçmişə baxış deyil, həm də gələcəyə istiqamət verən bir mərhələdir. Həsən bəy Zərdabinin “Əkinçi”si ilə başlanan bu yol bu gün müasir texnologiyalarla silahlanmış, milli maraqları qoruyan və qlobal informasiya axınında öz sözünü deyən Azərbaycan mediasına çevrilib. Bu yubiley həm də jurnalistlərin fədakar əməyi qarşısında bir ehtiram, həm də söz azadlığının qiymətini anlamaq üçün bir fürsətdir.
Vaqif Vəlibəyli,
YAP Nizami rayon təşkilatının könüllüsü