GündəmAnalitikaSiyasət

Azərbaycan və Özbəkistan münasibətləri strateji müttəfiqlik yolunda

Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu sürətlə artır. Xüsusilə Mərkəzi Asiya istiqamətində atılan addımlar bu siyasətin bariz nümunəsidir. Azərbaycan və Özbəkistan arasında qurulan dostluq münasibətləri bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Tarixi, mədəni və dini bağlılıqları olan iki xalq arasında diplomatik əlaqələr 1995-ci ildən başlayaraq ardıcıl və dinamik şəkildə inkişaf edir. Özbəkistan, Azərbaycanın 44 günlük Vətən müharibəsində ədalətli mövqeyinə birmənalı dəstək verib, beynəlxalq təşkilatlarda daim Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib. Bu qardaşlıq münasibətləri Türk Dövlətləri Təşkilatında və digər beynəlxalq platformalarda da özünü göstərir.

Son illər Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı səfərləri əlaqələrin daha da möhkəmlənməsinə xidmət edib. 2022-ci ildən etibarən Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin səfərləri zamanı mühüm sənədlər imzalanıb. 2024-cü ildə imzalanan “Müttəfiqlik Münasibətləri haqqında Müqavilə” iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik sahələrində birgə fəaliyyətini rəsmiləşdirib. İqtisadi əməkdaşlıq da sürətlə genişlənir. Son illərdə ticarət dövriyyəsi 3 dəfədən çox artaraq 200 milyon dolları keçib. Hədəf isə 2030-cu ilə qədər bu rəqəmi 1 milyard dollara çatdırmaqdır. Bunun üçün Azərbaycan və Özbəkistan ticarət, investisiya və sənaye sahələrində birgə layihələr həyata keçirir. 500 milyon dollar kapitala malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti də bu əməkdaşlığın mühüm nəticəsidir. Ölkələr arasında nəqliyyat-logistika dəhlizlərinin inkişafı, yaşıl enerji layihələri və alternativ enerji istehsalı sahəsində də mühüm razılaşmalar əldə olunub. Bakı və Daşkənd arasında bağlanmış sənədlər iki ölkənin regional və qlobal səviyyədə strateji tərəfdaşlığını möhkəmləndirir. Bu dostluğun ən mənalı təzahürlərindən biri də Özbəkistanın Füzuli şəhərində inşa etdiyi və 2023-cü ildə açılışı olan Mirzə Uluqbəy adına məktəbdir. Bu təhsil ocağı Azərbaycan-Özbəkistan qardaşlığının canlı simvoluna çevrilib. Azərbaycan və Özbəkistan bu gün təkcə iqtisadi tərəfdaş deyil, eyni zamanda, Türk dünyasının birliyinə, regional sabitliyə və qarşılıqlı inkişafa töhfə verən qardaş ölkələrdir.

Nəzrin Bayramova
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button