AnalitikaGündəmSiyasət

Azərbaycan – Özbəkistan əlaqələri: Strateji təməllərdən dünya siyasətinə qardaşlıq modeli

Son illərdə Azərbaycan və Özbəkistan arasında münasibətlər təkcə klassik diplomatik əlaqələr çərçivəsində deyil, həm də türk dünyasının inteqrasiyası, beynəlxalq sabitlik və regional inkişaf baxımından əhəmiyyətli nümunə kimi çıxış edir. 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyevin bəyanatında qeyd olunan məsələlər bu münasibətlərin həm dərinliyini, həm də gələcək perspektivlərini ortaya qoydu.

Azərbaycan və Özbəkistan arasında siyasi əlaqələr, xüsusilə 2022-ci ildə Daşkənddə imzalanan Müttəfiqlik münasibətləri haqqında Müqavilə ilə yeni mərhələyə qədəm qoydu. Bu müqavilə iki ölkənin artıq sadəcə tərəfdaş deyil, tamhüquqlu müttəfiq olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sənəd istənilən iki ölkə arasında imzalana biləcək ən yüksək səviyyəli siyasi sənəddir. Bu strateji müttəfiqlik yalnız kağız üzərində deyil, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, regional təşəbbüslərdə birgə iştirak və çoxtərəfli platformalarda vahid mövqe ilə də özünü göstərir.

İki ölkə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi prioritet istiqamətlərdən biridir. Prezidentlərin bəyanatında vurğulanan Birgə İnvestisiya Fondu, 500 milyon dollarlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb və artıq 10-dan çox layihə üzrə investisiya qərarlarının qəbul mərhələsindədir.Əsas sahələr:

  • Energetika: Neft, qaz və alternativ enerji sahələrində birgə layihələr;
  • Turizm və mehmanxana biznesi: Bakı və Daşkənddə turizm infrastrukturlarına qarşılıqlı sərmayələr;
  • Kənd təsərrüfatı: Xüsusilə pambıqçılıq və ipəkçilik sahəsində təcrübə mübadiləsi və birgə müəssisələrin yaradılması:
  • Sənaye: Qarabağda tikinti və istehsal müəssisələrində Özbəkistan investorlarının fəal iştirakı.

Bu əməkdaşlıq iki ölkə üçün yalnız iqtisadi fayda deyil, həm də sosial rifah və məşğulluq baxımından önəm daşıyır.

Orta Dəhliz – Çin-Mərkəzi Asiya-Xəzər-Qafqaz-Türkiyə-Avropa marşrutu – hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir. Bu layihə çərçivəsində Azərbaycan və Özbəkistan nəqliyyat-logistika siyasətlərini əlaqələndirməklə, Xəzər üzərindən Avropaya çıxış imkanlarını artırır. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan bölgənin sabitliyi və əhəmiyyəti üçün həlledici faktordur.

Eyni zamanda, Qarabağın bərpasında Özbəkistanın rolu danılmazdır. Özbəkistan Qarabağın bərpasında ilk təşəbbüskar ölkə kimi tarixə düşdü. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinin yaradılması dostluğun konkret simvoludur. Bu layihələr həm təhsil, həm də məşğulluq sahəsində mühüm töhfələr verir. Eyni zamanda, bu addımlar regional sabitlik və etimadın qurulmasında müstəsna rol oynayır. Tərəflər arasında humanitar, təhsil və mədəniyyət əlaqələrində də sıx əməkdaşlıq mövcuddur. Ən diqqətçəkən təşəbbüslərdən biri Bakıda “Özbəkistan” parkının salınması layihəsidir. Bu park yalnız bir rekreasiya mərkəzi deyil, həm də iki ölkə arasında mədəni bağların rəmzidir. Həmçinin, gənclər arasında təhsil mübadiləsi, tələbə proqramları və birgə humanitar forumlar iki xalqın yaxınlaşmasına xidmət edir.

İki ölkə arasında İdman və gənclər siyasəti də yüksələn xətlə inkişaf edir. Özbəkistan futbol komandasının dünya çempionatının final mərhələsinə çıxması, təkcə idman uğuru deyil, dövlətin gənclərə verdiyi önəmin nəticəsidir. Azərbaycan bu uğuru yüksək qiymətləndirərək, idman sahəsində də əməkdaşlığın genişləndirilməsini dəstəkləyir. Gələcəkdə birgə idman düşərgələri, turnirlər və mübadilə proqramları planlaşdırılır.

Nəticə etibarı ilə deyə bilərik ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq diplomatik çərçivədən çıxaraq, çoxşaxəli və strateji tərəfdaşlıq modelinə çevrilib. Bu əlaqələr türk dünyasında birliyin və qarşılıqlı etimadın möhkəmlənməsi üçün nümunə ola bilər. Qarşılıqlı investisiyalar, mədəni layihələr, nəqliyyat və enerji sahəsində əməkdaşlıq, humanitar yardım və ortaq tarixi-mədəni dəyərlər bu münasibətləri daha da gücləndirir. Bu gün iki ölkə yalnız regionda deyil, beynəlxalq arenada da birgə addımlarla dünya siyasətində öz sözünü deməyə hazırdır.

Rəhimli Gülay,
Xəzər rayonu, 123 №li tam orta məktəbin müəllimi

 

Oxşar Xəbərlər

Back to top button