GündəmSiyasət

Deputat: Azərbaycan ətraf mühitin qorunmasının təşviqi üçün beynəlxalq səylərdə fəal iştirak edir

İqlim dəyişikliyi ATƏT məkanında ən ciddi təhlükəsizlik təhdidlərindən birinə çevrilib. İqlim dəyişikliyi ilə mübarizə regionumuzda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasından ayrı düşünülə bilməz. Beynəlxalq təşkilatlar iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm rol oynayırlar. Biz inanırıq ki, ölkələr və beynəlxalq təşkilatlar real və təsirli iqlim həlləri üçün birgə işləməlidirlər.

Gundemws.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva iyulun 3-də ATƏT Parlament Assambleyasının illik sessiyası çərçivəsində Portuqaliyanın Porto şəhərində keçirilən “Helsinkidən 50 il sonra ATƏT” mövzusunda ümumi müzakirədə çıxışı zamanı deyib.

O bildirib ki, Helsinki Yekun Aktının imzalanmasının 50 illiyini qeyd edərkən, bizi bu günə qədər istiqamətləndirən ümumi prinsipləri xatırlayırıq: suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlər arasında əməkdaşlıq və s. Bu prinsiplər bu gün də əsas olaraq qalır, çünki biz təkcə ənənəvi təhlükələrlə deyil, eyni zamanda, iqlim dəyişikliyi və ətraf mühitin pisləşməsi kimi sərhədləri aşan mürəkkəb çağırışlarla üz-üzəyik.

Deputat qeyd edib ki, Azərbaycan qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə güclü sadiqliyini bir daha təsdiq edir, davamlı inkişafın və ətraf mühitin qorunmasının təşviqi üçün beynəlxalq səylərdə fəal iştirak edir: “Biz bərpaolunan enerji mənbələrinə keçid edir, karbon çirkliliyini azaldır və yaşıl iqtisadiyyatı inkişaf strategiyamızın əsas elementi kimi görürük. Bu öhdəlik xüsusilə azad olunmuş ərazilərimizdə aydın görünür: biz bu torpaqlarda davamlı bərpa modelini yaradırıq. Bir vaxtlar münaqişədən və ekoloji dağıntılardan zərər çəkmiş bu ərazilər ağıllı texnologiyalar, təmiz enerji və müasir infrastruktur əsasında yaşıl enerji zonasına çevrilir”.

“Bizim bu işə sədaqətimiz 2024-cü ilin noyabrında Bakıda uğurla keçirilmiş COP29 konfransında öz əksini tapdı. Bu konfrans təkcə ölkəmiz üçün deyil, regionumuz və qlobal iqlim diplomatiyası üçün də mühüm mərhələ oldu. COP29 çərçivəsində iqlim maliyyəsinin artırılması, şəffaflığın yaxşılaşdırılması və hökumətlər, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın təşviqi sahəsində əhəmiyyətli nəticələr əldə olundu. COP29-a ev sahibliyi etmiş Bakı COP30-a aparan yolda mühüm mərhələ oldu. Məhz Bakıda insan hüquqlarını və inkişaf etməkdə olan ölkələrin tələbatını nəzərə alan ədalətli iqlim maliyyəsini təmin etməyə yönəlmiş “Bakıdan Beləmə” yol xəritəsinin təməli qoyuldu”, – deyə S.Fətəliyeva vurğulayıb.

Oxşar Xəbərlər

Back to top button