NDU-nun 240 nəfərlik professor-müəllim və tələbə heyəti Türkiyənin Hacettepe, Ankara, Qazi kimi bir çox qabaqcıl universitetlərində təcrübədə olacaq

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Türkiyənin qabaqcıl universitetlərində təcrübədə olacaq Tibb fakültəsinin heyəti ilə görüşüb.
Gundemws.az-ın məlumatına görə, görüşdə rektor Elbrus İsayev Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn və xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili yönündə NDU-nun icra olunan fəaliyyətlərindən bəhs edib.
Rektor bu çərçivədə həyata keçirilən ikili diplom layihələri, əcnəbi professorların tədrisə, tədqiqata cəlbi və ən əsası Türkiyənin bir sıra ali məktəblərində yaradılan təcrübə imkanlarının önəminə diqqət çəkib. Hər il ənənəvi qaydada təşkil edilən bu prosesin iştirak edəcək heyət üçün nəzəri biliklərini təcrübə ilə zənginləşdirmək, beynəlxalq təcrübədən faydalanmaq, gələcək fəaliyyətlərinə zəngin bilik qazandırmaq baxımından böyük fürsət olduğu bildirilib.
Elbrus İsayev beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və tələbələrin praktik biliklərinin artırılmasının NDU-nun inkişaf strategiyasında əsas prioritetlərdən olduğunu qeyd edib. Rektor növbəti tədris ilində də əcnəbi professor-müəllimlərin tədrisə cəlbinin planlaşdırıldığını əlavə edib.
Tədris departamentinin direktoru Şahin Əliyev bildirib ki, NDU ilə Türkiyənin bir sıra ali məktəbləri arasında bağlanan əməkdaşlıq müqavilələrinə uyğun olaraq universitetin “Tibb” fakültəsinin 240 nəfərlik müəllim, həkim və tələbələrindən ibarət heyəti 7-18 iyul tarixləri arasında qardaş ölkədə təcrübələrə başlayırlar. Vurğulanıb ki, bu il 206 tələbə və 14 həkim-rezident istehsalat təcrübəsinə, 20 həkim-müəllim isə ixtisasartırma kurslarına göndərilir.
Təcrübələr Türkiyənin nüfuzlu ali təhsil ocaqları olan Hacettepe, Ankara, Qazi, Ege və Qaradəniz Texniki Universitetlərində təşkil olunacaq.
Qeyd edilib ki, təcrübədə Tibb, Tibb ingilis dilində, Tibb SABAH qrupları, Stomatologiya, Əczaçılıq, Hərbi tibb, İctimai səhiyyə və Psixologiya ixtisaslarının tələbələri iştirak edəcəklər. Eyni zamanda Ortopedik stomatologiya, Travmatologiya-ortopediya, Şüa diaqnostika, Kardiologiya, Oftalmologiya, Mama-ginekologiya, Yoluxucu xəstəliklər, Nefrologiya, Endokrinologiya və Sosial gigiyena sahələrinin rezident-həkimləri bu təcrübələrə qatılacaqlar.
Sonda təcrübədə olacaq iştirakçılar rektora bu imkanın yaradılmasına görə təşəkkürünü bildiriblər.