SiyasətAnalitikaGündəm

Ulu Öndərin həyat yolu hər bir azərbaycanlı üçün örnəkdir

Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində misilsiz xidmətləri ilə yadda qalmış dahi şəxsiyyətdir. Onun həyat yolu, mübarizəsi və dövlətçilik fəaliyyəti bir millətin tale yoluna çevrilmişdir. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – bu sözlər, Heydər Əliyevin həyat amalını, vətənə, xalqa olan sonsuz sədaqətini və dövlətçilik prinsipini aydın şəkildə ifadə edir.
Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan müstəqilliyini qoruyub saxlamaqla yanaşı, onu möhkəmləndirdi və beynəlxalq aləmdə layiqli yerini tutmağa başladı. 1990-cı illərin əvvəllərində ölkənin içərisindəki xaos, siyasi çəkişmələr, vətəndaş müharibəsi təhlükəsi dövlətçiliyin məhvinə aparırdı. Məhz belə bir vaxtda xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddət ərzində ölkədə sabitlik yaratdı, hüquqi və demokratik dövlət quruculuğuna başlanıldı.
Onun uzaqgörən siyasəti nəticəsində neft strategiyası həyata keçirildi, “Əsrin müqaviləsi” kimi mühüm layihələr gerçəkləşdirildi. Bütün bu addımlar Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, siyasi və sosial sahələrdə də inkişaf üçün zəmin yaratdı. Heydər Əliyev üçün Azərbaycanın dövlət müstəqilliyi müqəddəs bir dəyər idi və o, bu dəyəri qorumaq naminə heç bir fədakarlıktan çəkinmədi.
Heydər Əliyevin dövlətçilik fəlsəfəsində xalqın rifahı, gənc nəslin milli ruhda tərbiyəsi və Azərbaycanın gələcək inkişafı xüsusi yer tuturdu. O, daim gənclərə səslənir, onları ölkənin gələcəyi kimi görürdü. Onun başladığı islahatlar bu gün də davam etdirilir və bu prosesin əsas dayanağı Heydər Əliyev ideyalarıdır.
Ulu Öndərin həyat yolu hər bir azərbaycanlı üçün örnəkdir. O, müstəqil Azərbaycanın memarı və qurucusu olmaqla yanaşı, müasir dövlətçilik məktəbinin də banisidir. Heydər Əliyev öz xalqına, dövlətinə bağlılığı ilə tarixdə əbədiyaşarlıq qazanmış liderdir. Onun “mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına” yönəlmiş olması, bugünkü və gələcək nəsillərə bir vəsiyyətnamədir. Bu vəsiyyət hər zaman yolumuza işıq salacaqdır.

Nigar Cəlalova
YAP Xəzər rayon təşkilatının gənc fəalı 

Oxşar Xəbərlər

Back to top button