AnalitikaGündəmSiyasət

Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bir sıra mühüm nəticələrlə yadda qaldı

21 may 2025-ci il tarixində Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək Türk dünyasının həmrəyliyinin, iqtisadi və nəqliyyat sahəsində əməkdaşlığının gücləndirilməsi, yaşıl enerji və iqlim gündəliyinin inkişafı, eləcə də Azərbaycanın bu istiqamətlərdə oynadığı rola dair əhəmiyyətli mesajlar verib.

Prezident İlham Əliyev çıxışında Macarıstanla ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək bildirib ki, bu, onun Macarıstana altıncı, Baş nazir Viktor Orbanın isə Azərbaycana yeddinci səfəridir. Bu qarşılıqlı səfərlər ölkələr arasında əməkdaşlığın intensivliyini və qarşılıqlı etimadı nümayiş etdirir. Prezident Macarıstanı Azərbaycanın etibarlı strateji tərəfdaşı kimi qiymətləndirib və müstəqil siyasəti, beynəlxalq nüfuzu artmaqda olan bir dövlət kimi Baş nazir Viktor Orbanı əldə edilən uğurlar münasibətilə təbrik edib. Dövlət başçısı çıxışında Türk Dövlətləri Təşkilatının dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşünün ötən il Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirildiyini xatırladaraq, bu il bu təşəbbüsün davamı kimi ikinci qeyri-rəsmi Zirvə görüşünün Budapeştdə baş tutmasını yüksək qiymətləndirib. Prezident eyni zamanda Qırğızıstanın təşkilata uğurlu sədrliyi münasibətilə Prezident Sadır Japarovu təbrik edərək bu il rəsmi Zirvə görüşünün Azərbaycanda keçiriləcəyini və bütün liderləri bu tədbirdə iştirak etməyə dəvət edib. Bildirilib ki, Azərbaycan bu günə qədər təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə yatırıb. 2025-ci il ərzində Türk İnvestisiya Fondunun rəsmi fəaliyyətə başlaması isə iqtisadi əməkdaşlıqda yeni mərhələ olacaq.

Prezident İlham Əliyev nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət çəkib. Qeyd olunub ki, son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna, o cümlədən avtomobil yolları, dəmir yolu xətləri, dəniz limanı, gəmiqayırma zavodu və hava nəqliyyatı sahəsinə böyük sərmayələr yatırılıb. Bu yatırımlar sayəsində Azərbaycan açıq dənizlərə çıxışı olmasa da, Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Türkiyə və Mərkəzi Asiya ölkələrinin Azərbaycan ərazisindən keçən tranzit daşımalarının həcmi 2024-cü ildə 11 milyon tona çatıb. Azərbaycan qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradaraq müştərək müəssisələr qurub. Orta Dəhlizin tərkib hissəsi olan Bakı–Tbilisi–Qars dəmir yolunun daşıma qabiliyyəti Azərbaycanın vəsaiti hesabına 5 milyon tona qədər artırılıb. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir.  Azərbaycanın Xəzər dənizində 50-dən çox ticarət gəmisinə sahib olması ölkənin türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərməsinə imkan yaradır. Bakı gəmiqayırma zavodunda hazırda 10 yeni gəmi inşa olunur. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti yaxın illərdə 15 milyon tondan 25 milyon tona çatdırılacaq. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən 8 beynəlxalq hava limanına yaxın zamanlarda 9-cu əlavə ediləcək. Bu hava limanlarından 3-ü Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşir. Eyni zamanda, 1,5 milyon ton yük qəbuletmə imkanına malik yeni karqo terminalının inşası davam etdirilir.

Prezident İlham Əliyev çıxışında iqlim məsələlərinə də toxunaraq Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının uğurlarını vurğulayıb. Qeyd olunub ki, cəmi 11 ay ərzində hazırlıq işləri aparılan COP29 yüksək səviyyədə təşkil olunaraq beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Tədbirdə 197 ölkəni təmsil edən 77 min iştirakçı qeydiyyatdan keçib, 70 dövlət və hökumət başçısı iştirak edib. Azərbaycan konfrans zamanı Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa nail olub və qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edilib. Əsas nailiyyətlərdən biri inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan razılaşmanın əldə olunması olub. Bundan əlavə, karbon bazarlarının tənzimlənməsi və İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi barədə konsensusa nail olunub. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu saziş Xəzər–Qara dəniz marşrutu vasitəsilə regionda istehsal olunan yaşıl enerjinin dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.

Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə Türk Dövlətləri Təşkilatının Dövlət başçıları tərəfindən birgə Bəyannamə imzalanıb. Bəyannamə Türk dövlətləri arasında siyasi dialoqun, iqtisadi əlaqələrin və mədəni birliyin möhkəmləndirilməsinə dair ortaq iradəni ifadə edir. Zirvə görüşündə səsləndirilən fikirlər Türk dünyasında birliyin güclənməsinin strateji zərurətə çevrildiyini və bu istiqamətdə Azərbaycanın aparıcı rol oynadığını bir daha göstərdi. Ən başlıcası, Türk dünyasının siyasi həmrəyliyi, iqtisadi inteqrasiyası və strateji əməkdaşlığının gücləndirilməsi istiqamətində ortaq iradə bir daha nümayiş etdirildi. Görüşün sonunda imzalanan Bəyannamə türk dövlətləri arasında qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə, ortaq layihələrin təşviqinə, nəqliyyat, enerji, rəqəmsallaşma və iqlim sahələrində əməkdaşlığın genişləndirilməsinə dair razılıqları əks etdirir. Azərbaycanın irəli sürdüyü təşəbbüslər – o cümlədən nəqliyyat infrastrukturunun inkişafı, yaşıl enerji üzrə regional əməkdaşlıq və COP29-un uğurla təşkilinə dair təcrübə – digər üzv dövlətlər tərəfindən yüksək qiymətləndirildi və əməkdaşlıq gündəliyində əsas istiqamətlərdən biri kimi qeyd olundu.

Budapeşt görüşü Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinə strateji baxış verdi, regionda inteqrasiyanı daha da sürətləndirəcək mexanizmlərin formalaşmasına təkan verdi və Türk dünyasının vahid güc mərkəzinə çevrilməsi yolunda növbəti addım kimi tarixə düşdü.

Cavid Cəfərzadə
Xəzər rayonu, 206 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button