AnalitikaGündəmSiyasət

Azərbaycanın beynəlxalq təşəbbüslərdəki liderliyi Budapeşt Zirvəsində yüksək qiymətləndirildi

Bildiyimiz kimi, may ayının 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamə 71 bənddən ibarətdir.

Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər.

Türk dövlətlərinin regionda və onun hüdudlarından kənarda rolunu artıran siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətləri təqdir edən prezidentlər “Türk Dünyası Xartiyası”nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar. Təşkilatın üzvləri regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə təhdid və çağırışlar yaradan terrorizm və transmilli mütəşəkkil cinayətkarlığın bütün formaları, terrorizmin maliyyələşdirilməsi və kibercinayətkarlıqla mübarizədə birgə səyləri davam etdirməyə sadiqliklərini bir daha təsdiqləyirlər. Bu kontekstdə Suriyanın ərazi bütövlüyü və birliyi əsasında təhlükəsizliyin və sabitliyin bərqərar olması, ona qarşı sanksiyaların aradan qaldırılması istiqamətində Türkiyənin konstruktiv rolu yüksək qiymətləndirilir. Həmçinin, Qəzzadakı fəlakətli humanitar vəziyyətdən dərin narahatlıq ifadə olunur, daimi və hərtərəfli atəşkəs, girovların, məhbusların azad edilməsi və Qəzzaya humanitar yardımların maneəsiz çatdırılması istiqamətində danışıqlara dəstək bir daha təsdiqlənir. İsrail-Fələstin münaqişəsinin BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq ikidövlətli həlli variantının zəruriliyi qeyd edilir. Həmçinin Əfqanıstanla bağlı məsələlər üzrə TDT-nin İşçi Qrupunun yaradılması təqdir olunur.

Qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi “Bakı Prosesi”nin uğuru yüksək qiymətləndirilir və Azərbaycan bu istiqamətdə davamlı liderliyinə görə təqdir edilir, 2026-cı ildə keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə dəstək ifadə olunur. Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər təqdir olunur.

Eyni zamanda, Sənəddə silahlı münaqişələr zamanı mədəni irsin qorunmasının vacibliyi vurğulanır, münaqişədən sonra mədəni irsin bərpasında Türk dövlətlərinin səyləri təqdir edilir.

Azərbaycanın 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğu yüksək qiymətləndirilir. TDT-yə üzv dövlətlərin başçıları Macarıstanın Baş naziri Viktor Orbana Türk dünyasının həmrəyliyinə və rifahına verdiyi töhfələrə, habelə təşkilatın Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşünə, Macarıstan hökumətinin və xalqının səmimi qonaqpərvərliyinə görə təşəkkürünü bildiriblər.

Abbasov Həmid
Xəzər rayonu, 181 №li tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button