
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamə 71 bənddən ibarətdir.
Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər.
Bu tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı həm ikitərəfli və çoxtərəfli münasibətlərin dərinliyini, həm də türkdilli dövlətlər arasında strateji əməkdaşlığın genişlənməsini əks etdirən mühüm məqamlarla yadda qaldı. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan regionda etibarlı tərəfdaş və siyasi lider kimi mühüm rol oynayır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin dinamik şəkildə inkişafı iki ölkə arasında qarşılıqlı etimadın və hörmətin yüksək səviyyədə olduğunu sübut edir. Cənab Prezident Macarıstanı müstəqil siyasət aparan və beynəlxalq nüfuzu artmaqda olan ölkə kimi səciyyələndirərək, Baş nazir Orbanı əldə etdiyi uğurlar münasibətilə təbrik etdi.
Şuşada təşkil olunmuş ilk qeyri-rəsmi Zirvə görüşünün davamı kimi Budapeştdə baş tutan ikinci belə tədbir Türk Dövlətləri Təşkilatının daxilində səmimi və açıq dialoqun, qarşılıqlı anlaşmanın dərinləşdiyini göstərir. Prezident İlham Əliyev Qırğızıstanın Təşkilata uğurlu sədrliyi münasibətilə Prezident Sadır Japarovu təbrik edərək, bu ilin rəsmi Zirvə görüşünə Azərbaycanın ev sahibliyi edəcəyini bildirdi və liderləri ölkəmizə dəvət etdi. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan indiyədək təşkilat üzvü olan ölkələrə 20 milyard ABŞ dollarından artıq sərmayə yatırıb ki, bu da onun iqtisadi həmrəylik və ortaq inkişaf prinsipinə sadiqliyini əks etdirir. 2025-ci ildə Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması bu əməkdaşlığın daha da institusional və sistemli xarakter alacağını göstərir.
Hazırda Avropanın Türk dövlətlərinin yerləşdiyi coğrafiyaya böyük ehtiyacı var. Bu, ilk növbədə, resurslarla və geosiyasi reallıqlar fonunda alternativ nəqliyyat bağlantılarına artan tələbatla bağlıdır. Azərbaycan və Mərkəzi Asiyadakı türk ölkələri Avropanın resurslara artan ehtiyaclarını qarşılamaq iqtidarındadırlar. Eyni zamanda, bu coğrafiyadan hər cəhətdən əlverişli və təhlükəsiz olan nəqliyyat bağlantıları keçir. Yüklər Çin sərhədlərindən başlayan Orta Dəhlizlə Mərkəzi Asiyadakı Türk dövlətlərindən keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycana və buradan da Türkiyəyə ötürülməklə Avropaya çatdırıla bilər. Əslində, bu marşrut Azərbaycan Prezidentinin siyasi qətiyyəti əsasında yaradılan müasir infrastruktur sayəsində artıq funksionaldır və daşımalar ilbəil artır. Ölkəmizin təkid etdiyi Zəngəzur dəhlizinin açılması ilə Transxəzər marşrutunun daha bir qolu yaranmış olacaq. Ancaq əlbəttə ki, Avrasiyada inteqrasiyanın dərinləşməsi üçün, ilk növbədə, təhlükəsizlik şərtləri təmin olunmalıdır. Bu isə uzunmüddətli, qalıcı sülhdən keçir. Budapeşt Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanın rolunu xüsusi vurğulayıb.
Prezident cənab İlham Əliyev bildirdi ki, “Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir.”
Azərbaycanın Xəzər dənizindəki ticarət donanması türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır. Bu donanma yalnız malların daşınması ilə kifayətlənmir, həm də regional ticarətin rəqabətqabiliyyətliliyini artırır, nəqliyyat marşrutlarının şaxələndirilməsinə töhfə verir.
Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəminin inşası ölkənin nəqliyyat infrastrukturunun davamlı inkişafını və Xəzər regionunda lider mövqeyinin möhkəmləndiyini göstərir. Bu addımlar Orta Dəhlizin dayanıqlı şəkildə fəaliyyətini təmin edir, türk dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradır.
Azərbaycanın erməni işğalından azad edilmiş ərazisində olduğunu da bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirildiyindən də söz açdı: “Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq. Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni təmsil edirdi. Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir. Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi”…
COP29 son illərin ən mühüm dünyəvi tədbirləırində biridir. Bu tədbir dünyanın üzləşə biləcəyi problemləri qabaqlamaq kimi mühüm bir missiyanın həllinə yönəldilmişdi və qürurlanırıq ki, bu missiyanın yerinə yetirilməsinin koordinatorluğu məhz Azərbaycana həvalə edilmişdi. Böyük uğurlar gətirən, tarixə “Bakı sıçrayışı” kimi daxil olan bu əhəmiyyətli dünyəvi tədbir dünyanın gələcəyinə dünyaların sayğısı oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında həm də dedi ki, “COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır”…
Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışı həm Azərbaycanın dünya dövlətləri arasında nüfuzunun göstəricisi kimi tarixləşdi. Gələcəyə baxışla desək, bu Zirvə görüşü və qəbul olunan Bəyannamə yalnız bu günün deyil, sabahın da çağırışlarına cavab vermək üçün möhkəm əsaslar qoyur. Türk dünyasının inteqrasiya potensialı artıq reallığa çevrilməkdədir və bu prosesdə Azərbaycanın rolu mühüm strateji əhəmiyyət daşıyır. Siyasi iradə, iqtisadi imkanlar və ortaq dəyərlər üzərində qurulan bu əməkdaşlıq modeli, Türk Dövlətləri Təşkilatını qlobal proseslərdə daha fəal və təsirli güc mərkəzinə çevirmək imkanına malikdir. Bu istiqamətdə atılan addımlar isə gələcək nəsillərə daha güclü, davamlı və birləşmiş bir türk coğrafiyası miras qoymaq baxımından böyük əhəmiyyət daşıyır.
Tarix müəllimi Musayeva Dilarə
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin