AnalitikaGündəmSiyasət

Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Macarıstanın Baş naziri Viktor Orban dövlətimizin başçısını qarşıladı. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü işə başladı.Macarıstanın Baş naziri Viktor Orban bu Zirvə görüşünün əhəmiyyətinə toxundu. O, Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq dedi: “Mən Prezident Əliyevə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Çünki ötən il Azərbaycandan Macarıstana ilk qaz nəql edilmişdir. Bu, əvvəllər heç vaxt baş verməmişdir, ilk dəfə idi ki, bu, baş verirdi. Cənab Prezidenti əmin edirəm ki, biz gələcəkdə bunun qarşılığını verə bilərik.

Macarıstanın böyük enerji şirkətlərinə Azərbaycanda neft və qaz sahəsində işləməyə imkan yaratdığına görə də Prezident Əliyevə təşəkkür etmək istəyirəm. Özümüzə məxsus enerji ehtiyatlarımız olmadığı üçün bu, bizim üçün yeni imkanlar açdı. Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olması bizim üçün mühüm əhəmiyyət kəsb edir”. Belə ki, TDT-də müşahidəçi statusunda təmsil olunan ölkənin-Macarıstanın ev sahibliyi ilə keçirilən Zirvə görüşü Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşlərinin hər il keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsə dəstəyin ifadəsi olduğunu bir daha nümayiş etdirdi. Bu təşəbbüsə uyğun olaraq ilk tədbir ötən ilin iyulunda azad Qarabağın tacı, türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı Şuşada keçirildi. Dövlət başçısı İlham Əliyev Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündəki çıxışında Azərbaycan-Macarıstan münasibətlərindən məmnunluğunu ifadə edərək onu da qeyd etdi ki,  bu,  Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır.

Macarıstanın Zirvə görüşünə ev sahibliyi  onun türk dövlətləri ilə hərtərəfli əməkdaşlığını daha da möhkəmləndirmək istəyini nümayiş etdirir. Şübhəsiz, hər bir tədbirin əhəmiyyətini şərtləndirən əsas amillərdən biri müzakirə üçün seçilən mövzulardır. Bu baxımdan  sözügedən Zirvə görüşünün mövzusu – “Şərq və Qərbin Görüş Nöqtəsi” şüarı özündə Türk Dövlətləri Təşkilatının əsas hədəfinin məhz  Şərq və Qərb arasında körpü rolunu oynamaq olduğunu ehtiva edir. Təşkilatın fəal üzvü kimi Azərbaycanın malik olduğu  resurslardan səmərəli istifadə etmək məqsədilə reallığa çevirdiyi layihələrlə dövlətlər, xalqlar arasında körpü rolunu oynadığı reallıqdır. Azərbaycanın xarici siyasətində türk dünyasının birliyi, həmrəyliyi prioritet yer tutur. Ölkəmizin bu birliyə, həmrəyliyə verdiyi töhfələr davamlıdır.

Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur.Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur. Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq aləm bir daha türk dünyasının birliyinin şahidi oldu. Ümumilikdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Hazırda dünya bu birliyi işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın şəkildə görür. Azərbaycan xalqı  böyük türk dünyasının önəmli bir parçası olaraq fundamental dəyərlərə malik zəngin türk sivilizasiyasından faydalanmaqla yanaşı, bu sivilizasiyaya öz töhfəsini verməkdən sonsuz qürur duyur. Azərbaycan TDT-yə üzv olan ölkələrlə qardaşlıq münasibətlərinə malikdir.

Türk dövlətlərini birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir. Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Azərbaycanın türk dövlətlərinin birliyinə daha bir töhfəsi  Orta Dəhliz layihəsidir. Dövlət başçısı İlham Əliyev Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündəki çıxışında Azərbaycanın bu birliyə verdiyi töhfələrdən geniş bəhs edərək bildirdi ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard dollardan çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur. Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illərdə Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub.  Nəticədə açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Bu məqam da xüsusi diqqətə çatdırıldı ki, Azərbaycan qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşdur. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verilir.  Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir.

Elnarə Qasımova
Xəzər rayonu, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 №li Xüsusi İnternat Məktəbinin rəhbəri

Oxşar Xəbərlər

Back to top button