
2025-ci il aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın görüşü keçirildi. Görüş zamanı xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə olundu. Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin başa çatdırılmasının əhəmiyyəti vurğulandı.Görüşdən sonra İlham Əliyev və Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev görüş zamanı vurğuladı ki, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. Prezidentlərin görüşündə bir daha qeyd etdi ki, regionda baş verən mühüm məsələləri regiondakı ölkələr öz aralarında həll etməlidir.
Ümumiyyətlə keçmişə nəzər salsaq görərik ki, İran-Azərbaycan münasibətlərinin tarixi çox qədimdir. Əsrlər boyu bu əraziləri Azərbaycan dövlətlərinin hökmdarları idarə edib. Azəraycanın ən uzunömürlü və ən qüdrətli dövlətlərindən biri olan Səfəvi imperiyasının dövründə hətta ölkənin paytaxtı İsfahana köçürülmüşdü. İranı idarə edən sonuncu Azərbaycan imperiyası Qacar imperiyası olub. Uzun müddət davam edən Qacar-rus müharibələri nəticəsində Gülüstan(1813) və Türkmənçay(1828) müqavilələri imzalanmış, tarixi Azərbaycan torpaqları şimalvə cənub hissələrə bölünmüşdü. Azərbaycanın cənubu Qacar sülaləsinin hakimiyyəti altında qalmışdı. Daha sonra 1925-ci ildə farslar Qacar sülaləsini devirib İran-fars dövlətini qurdular. Hələ AXC-nin dövründə Qacarlarla rəsmi münasibətlər qurulmuşdu. 1920-ci ilin mart ayında AXC-Qacar arasında Dostluq müqaviləsi imzalandı. Qacar hökuməti AXC-nin müstəqilliyini de-yure (hüquqi olaraq) tanıdı. Tehranda Azərbaycan səfirliyi, Təbrizdə isə Baş Konsulluq fəaliyyətə başladı. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra isə İran İslam Respublikası ilə rəsmi əlaqələr yaradılmışdır. İran İslam Respublikası Azərbaycanın müstəqilliyini 1991-ci il 25 dekabrda tanımışdır. Diplomatik əlaqələr 1992-ci il martın 12-də qurulmuşdur.
Prezident İlham Əliyev: Əminəm ki, qəbul edilən qərarlar bizim əlaqələrimizi uzun illər bundan sonra yüksələn xətlə aparacaq. Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal və Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. Biz bu gün, eyni zamanda, hümanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan öncə keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək.
Azərbaycan-İran münasibətləri çox qədim tarixə əsaslanır. Xalqlar arasında belə qədim tarixi bağlar, mədəni əlaqələr iki ölkə arasındakı münasibətlərin inkişafına zəmin yaradır. Hər iki xalqın mədəniyyət, mənəvi dəyərlər baxımından bir birinə yaxın olması, din birliyi, ortaq tarixi keçmişi bu ölkələri bir birinə yaxınlaşdırır və əlaqələrinin inkişafına təkan verir. Məsud Pezeşkian bu səfər zamanı Azərbaycan dilində şeirlər səsləndirmiş, dövlət televiziyasına müsahibə zamanı Azərbaycan türkcəsində danışmışdır. İrandan gələn heyətin belə yüksək səviyyədə qarşılanması, İran Prezidenti tərəfindən atılan bu cür addımlar İran-Azərbaycan münasibətlərinin sürətlə inkişaf edəcəyini deməyə əsas verir.
Məmiyev Təhmasib,
Xəzər rayonu 181 nömrəli tam orta məktəbin direktoru ,