
Azərbaycan ilə Çin arasındakı münasibətlər son illərdə sabit və qarşılıqlı etimada əsaslanan istiqamətdə inkişaf edir. Xüsusilə milli maraqlar məsələsində iki ölkənin nümayiş etdirdiyi həmrəylik və siyasi dəstək bu münasibətləri daha da möhkəmləndirir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan üçün Çin yalnız iqtisadi tərəfdaş deyil, həm də beynəlxalq hüququn müdafiəsində etibarlı dostdur.
Hər iki ölkə bir-birinin daxili işlərinə qarışmamaq prinsipini əsas tutaraq, suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşır. Azərbaycan Çinlə münasibətlərində bu dəyərləri ön planda tutur və eyni yanaşmanı Çin də Azərbaycana qarşı nümayiş etdirir. Bu qarşılıqlı hörmət, beynəlxalq platformalarda da özünü göstərir – tərəflər mühüm məsələlərdə bir-birinə siyasi dəstək verirlər.
Məsələn, Azərbaycanın ərazi bütövlüyü məsələsində Çin prinsipial mövqe nümayiş etdirərək beynəlxalq hüququn tərəfdarı olduğunu təsdiqləyib. Eyni zamanda, Azərbaycan da “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyir. Bu cür qarşılıqlı mövqelər dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə zəmin yaradır.
Belə bir mühitdə münasibətlərin inkişafı təkcə siyasi və diplomatik çərçivədə deyil, iqtisadi və mədəni sahələrdə də davam edir. Suverenlik və milli maraqlar kimi mühüm mövzularda dəstək, tərəflərin uzunmüddətli strateji tərəfdaşlığa sadiqliyini sübut edir.
Kamran Mustafayev
YAP Xəzər rayon təşkilatının məsləhətçisi