
2025-ci il aprelin 22-24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Pekində Azərbaycan-Çin münasibətlərinin tarixinə yeni bir səhifə yazıldı. Səfər zamanı iki ölkə arasında ümumilikdə 20 mühüm sənəd imzalandı. Bu sənədlər siyasi, iqtisadi, enerji, nəqliyyat, hüquq, texnologiya və humanitar sahələrdə əməkdaşlığın genişlənməsinə xidmət edir. Səfərin əsas nəticələrindən biri Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətlərinin rəsmi şəkildə formalaşdırılması oldu. Bu, iki ölkə arasında qarşılıqlı hörmət, suverenliyə riayət və uzunmüddətli əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında “İstehsal güclərinin artırılması və investisiya əməkdaşlığı haqqında Çərçivə Sazişi” imzalandı. Bu sənəd qarşılıqlı sərmayələrin təşviqi, sənaye zonalarının inkişafı və birgə istehsal layihələrinin həyata keçirilməsi üçün hüquqi baza yaradır.
Dövlətimizin başçısı bəhs olunan məqamlara toxunaraq “Sonuncu görüşümüzdən bir ildən az vaxtın keçməsinə baxmayaraq, bu gün biz Sədr Si ilə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatı imzaladıq. Beləliklə, münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq. Bununla yanaşı, bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı”.
Ticarət, enerji, nəqliyyat, yüksək texnologiyalar, kənd təsərrüfatı və humanitar sahələrdə Azərbaycan və Çin arasında əməkdaşlıq uğurla inkişaf edir. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın tranzit-logistika potensialı Çinin Avrasiya məkanında kommunikasiya imkanlarını daha da genişləndirir. Ölkəmizin Avrasiya məkanında mühüm tranzit və logistika qovşağına çevrilməsi, beynəlxalq enerji layihələrində fəal iştirak etməsi bu dost dövlətin strateji maraqlarına cavab verir.
Azərbaycanla Çin arasında münasibətin dinamikasın tam əks etdirən müsahibədə Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Çin həqiqətən də idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır: « Biz Çində 6 Azərbaycan Ticarət Evi açmışıq. Biz artıq Çinə şərab ixrac etməyə başlamışıq. Sizin bazarınızda daha çox payımızın olmasını istəyirik. “Bir kəmər, bir yol” layihəsinə gəlincə, bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu – dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, biz Çin şirkətlərinə arxalanırıq.»
Prezident İlham Əliyev Azərbaycan və Çinin beynəlxalq münasibətlərdə ədalətli və inklüziv yanaşmaya sadiqliyini vurğulayıb. Azərbaycan Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin olunmasında fəal rol oynamaqla yanaşı, Qlobal Cənubun mühüm iştirakçılarından biri kimi ədalətli beynəlxalq nizamın formalaşmasına töhfə verir. Çin isə qlobal iqtisadi güc olaraq inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə edir və beynəlxalq münasibətlərdə bərabərlik və qarşılıqlı hörmət prinsiplərinin möhkəmləndirilməsinə çalışır. Bu baxışları bölüşən dövlətlər qlobal səviyyədə yeni əməkdaşlıq modelləri formalaşdırmaq üçün birgə təşəbbüslər irəli sürürlər. Dövlətimizin başçısı qeyd edib ki, biz Azərbaycanda Çini Qlobal Cənubun lideri hesab edirik və burada bu prinsiplər əsasında ölkələrin birləşdirilməsi baxımından Çin xüsusi rol oynayır.
Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibə Azərbaycan-Çin strateji tərəfdaşlığının möhkəm təməllər üzərində qurulduğunu və davamlı inkişaf etdiyini bir daha təsdiqləyir. Dövlətlərarası əməkdaşlıq modeli müasir beynəlxalq şəraitdə dayanıqlı, etibarlı və perspektivli tərəfdaşlığın nümunəsi kimi çıxış edir.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi