
Azərbaycan ilə Çin arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri uzun bir tarixi inkişaf prosesinin nəticəsidir. Bu münasibətlərin təməlində isə Azərbaycan xalqının ümummilli lideri, mərhum Prezident Heydər Əliyevin xüsusi rolu dayanır. Onun uzaqgörən siyasəti nəticəsində iki ölkə arasında etibara əsaslanan əlaqələr qurulmuşdur və bu gün həmin əlaqələr daha da dərinləşərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Heydər Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində qarşılaşdığı mürəkkəb beynəlxalq vəziyyətdə Çin Xalq Respublikası ilə münasibətləri xüsusi əhəmiyyət daşıyan istiqamət kimi müəyyən etmişdi. 1990-cı illərdə atılan addımlar – siyasi, iqtisadi və mədəni sahələrdə imzalanan əməkdaşlıq sənədləri – bu gün də Azərbaycan-Çin əlaqələrinin güclü təməlini təşkil edir. Heydər Əliyev Çin kimi böyük və nüfuzlu bir dövlətlə əlaqələrin inkişafının Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini dərk etmişdi. Bu tarixi irsin davamı olaraq Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətlərini yeni mərhələyə daşımışdır. 2025-ci il aprelin 25-də Prezident İlham Əliyev Çinin nüfuzlu CGTN telekanalına verdiyi müsahibədə də məhz bu mövzuya xüsusi toxundu. O, müsahibəsində Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin əsasını qoyduğunu vurğuladı və atasının uzaqgörən siyasətinin bu gün iki ölkə arasında strateji tərəfdaşlığa zəmin yaratdığını qeyd etdi. İlham Əliyev bildirdi ki, Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün fəal iştirakçılarından biridir və bu əməkdaşlıq qarşılıqlı hörmət və maraqlara əsaslanır.
Prezident İlham Əliyev müsahibəsində, həmçinin, Azərbaycanın nəqliyyat və logistika sahəsində Çinin aparıcı investorlardan biri olmasına şərait yaratdığını, yaşıl enerji sahəsində birgə layihələrin reallaşdırıldığını və qarşılıqlı ticarət həcminin ildən-ilə artdığını diqqətə çatdırdı. O, Heydər Əliyevin yaratdığı möhkəm siyasi əlaqələrin sayəsində bu gün Azərbaycan ilə Çin arasında etimada əsaslanan münasibətlərin hökm sürdüyünü xüsusi vurğuladı. Müsahibədən aydın olur ki, Azərbaycan-Çin münasibətlərində bir tərəfdən tarixi irsə – Heydər Əliyevin qurduğu dostluq körpüsünə, digər tərəfdən isə müasir çağırışlara cavab verən yeni əməkdaşlıq sahələrinə böyük önəm verilir. İki ölkə arasındakı münasibətlər təkcə enerji və ticarət sahələri ilə məhdudlaşmır, həm də təhsil, mədəniyyət və texnologiya kimi sahələri əhatə edir.
Nəticə olaraq, Azərbaycan-Çin əlaqələrinin inkişafında Heydər Əliyevin rolu əvəzsizdir və bu münasibətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da genişlənməkdədir. Keçmişin təməli üzərində qurulan bu əməkdaşlıq gələcəyə inamla addımlayır və hər iki xalq üçün qarşılıqlı fayda gətirir.
Sevinc Qəhrəmanova ,
Yeni Azərbaycan Partiyası,məsləhətçi