AnalitikaGündəmSosial

Azərbaycan dili milli varlığımızın aynasıdır

Hər bir millətin varlığının mühüm amillərindən biri olan ana dili heç vaxt yaddan çıxmayan, unudulmayan qürur mənbəyidir. Tarix boyu başı bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da, öz ana dilini qoruyub saxlaya bilmişdir. Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür. Dil cəmiyyətin ən dəyərli mənəvi sərvətidir. Hər bir xalqın inkişafı, həyatı, mübarizəsi onun dili ilə sıx bağlıdır. Belə ki, hər bir xalq öz tarixini, milli mənəvi dəyərlərini, adət-ənənəsini gələcək nəsillərə məhz dil vasitəsilə çatdırır. SSRİ dövrü dilimizin keçdiyi çətin dövrlərdən biri idi. XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı və zənginləşməsi, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların tribunalarında səslənməsi bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Xalqını və millətini böyük məhəbbətlə sevən ümummilli lider o dövrün çətinliklərinə baxmayaraq ötən əsrin 70-ci illərində ana dilinə dövlət statusunun verilməsi uğrunda cəsarətlə və qətiyyətlə mübarizə aparmağa başladı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə onun prinsipiallığı sayəsində 1978-ci ildə Konstitusiyanın 73-cü maddəsinə Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi bir müddəa daxil edilmişdir: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə bu məsələ Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Bununla da,Azərbaycan dili dövlət dili statusunu aldı. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunmasından sonra Azərbaycan dilinin istifadəsində və inkişafında yeni mərhələ başladı. Müstəqilliyə gedən yolda ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi Ulu öndərin vaxtilə yürütdüyü siyasətin nəticəsi idi.

Ələsgərova Lətafət,
Yeni Azərbaycan Partiyasının fəalı 

Oxşar Xəbərlər

Back to top button