GündəmAnalitikaSiyasət

Azərbaycan dilinin inkişafında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur

Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” 1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorumuşdur. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olmuşdur.

Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır

Ulu öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.

Nailə Nəsirova,
Zabrat bələdiyyəsinin sədri

Oxşar Xəbərlər

Back to top button