
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri iki qonşu və dost ölkə arasındakı münasibətlərin yeni mərhələdə başlanğıcının çox yaxşı göstəricisidir. Gürcüstan Prezidenti özünün ilk rəsmi səfərini Azərbaycana etdi. Cənab Prezidentlə Gürcüstan Prezidentinin apardığı müzakirələr, mətbuata verdiyi açıqlamalar, Gürcüstan Prezidentinin Azərbaycanın Baş naziri ilə görüşü, Milli Məclisdə parlamentin spikeri Sahibə Qafarova ilə görüşməsi, görüşdə səslənən fikirlər ona əsas verir ki, Gürcüstan-Azərbaycan dostluğu uzun illərin tarixi sınağından çıxmışdır. Bu gün də daha da ciddi şəkildə bütün əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsində qurulmuş və möhkəmlənir.
Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü həmişə tanımışdır. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini, suveren Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq, abadlıq işlərinin Gürcüstan tərəfindən dəstəklənməsi və yüksək qiymətləndirilməsi münasibətlərimizin bundan sonrakı dönəmdə də artan istiqamətdə inkişafına təkan verəcəkdir. Hər iki Prezident öz bəyanatında əlaqələrimizin müxtəlif və çoxşaxəli olması və bundan sonrakı inkişaf perspektivləri haqqında dəyərli fikirlər söylədilər. Prezident İlham Əliyevin mətbuat konfransında Azərbaycanın 12 ölkəyə neft və qaz məhsullarının ixrac etməsini, ixracın hamısının Gürcüstan üzərindən həyata keçirilməsini vurğulaması olduqca ciddi məqamlardan xəbər verir. Qısa müddət ərzində bu münasibətlərin qurulması və inkişafı hamımızın gözü qarşısında baş verib. Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikilməsi və Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Orta dəhlizin Azərbaycan və Gürcüstan üzərindən Avropaya uzanması olduqca böyük tarixi nailiyyətlərdir, böyük layihələrdir. Eyni zamanda ölkələrimiz arasında tarixi, mədəni, humanitar əlaqələrin inkişafı və daha da möhkəmlənməsi prezidentlərimizin mətbuata bəyanatında və görüşlərində səslənən çox aktual fikirlərdir. Gürcüstanda yarım milyona qədər azərbaycanlı yaşayır. Gürcüstan onların ana Vətənidir. Onların Gürcüstanda işləməsi, yaşaması və sosial həyatlarının təmin edilməsi həm Azərbaycan dövlətinin, həm də Gürcüstan dövlətinin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Gürcüstan Prezidentinin Azərbaycana səfərində onu müşayiət edən şəxslərin sırasında iki azərbaycanlı gənc deputat da var idi. Savalan Mirzəyev və Zaur Darğalı gənc deputatlardır. Gürcüstan hakimiyyəti, prezidenti ölkələrimiz və xalqlarımız arasında münasibətlərə olduqca ciddi fikir verir.
Cənab Prezident İlham Əliyevlə görüş zamanı Gürcüstan-Azərbaycan dostluq qrupunun rəhbəri tərəfindən söylənilən və cənab Prezident tərəfindən də dəstəklənən gənclərin bir platformada birləşməsi, eyni layihələri həyata keçirməsi və hər iki ölkənin gənclər forumunun yaranması ideyası da gələcəyə hesablanmış, dostluq, qardaşlığımızı gücləndirən addımlardan biridir.
Nəbi Hacıyev,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi