AnalitikaGündəmSiyasət

Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq son illərdə misilsiz inkişaf mərhələsinə qədəm qoyub

Azərbaycan və Gürcüstan arasında mövcud olan münasibətlər Cənubi Qafqaz regionunda strateji sabitlik, qarşılıqlı hörmət və əməkdaşlıq nümunəsidir. Hər iki ölkənin yerləşdiyi geopolitik məkan və onların beynəlxalq layihələrdə oynadığı mühüm rol bu münasibətləri daha da əhəmiyyətli edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşü zamanı səsləndirdiyi fikirlər, bu münasibətlərin həm bu günü, həm də gələcək perspektivləri barədə dolğun təsəvvür yaradır. İki ölkə arasındakı münasibətlər sırf diplomatik çərçivələrlə məhdudlaşmır. Bu əlaqələr yüzillərlə davam edən tarixi, mədəni və insani təmaslara əsaslanır. Hər iki xalq əsrlər boyunca birgə yaşamış, ortaq dəyərlər formalaşdırmış, dinlərarası və millətlərarası tolerantlıq mühitində bir-birinə dəstək vermişdir. Bugünkü strateji müttəfiqlik, məhz bu tarixi-mədəni zəminin müasir siyasi münasibətlərə uğurla inteqrasiya olunmasının nəticəsidir.

Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq son illərdə misilsiz inkişaf mərhələsinə qədəm qoyub. Enerji və nəqliyyat sektorlarında reallaşdırılmış birgə layihələr — Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, Bakı-Tbilisi-Ərzurum (BTE) qaz kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu — təkcə ikitərəfli deyil, regionlararası və qlobal əhəmiyyət daşıyır. Bu layihələr vasitəsilə Azərbaycan öz təbii ehtiyatlarını Avropa bazarına çıxarmağa nail olub, Gürcüstan isə tranzit ölkə kimi strateji mövqeyini möhkəmləndirib. Prezident İlham Əliyev bəyanatında bu əməkdaşlığın “regional sabitliyə və rifaha xidmət etdiyini” vurğulamaqla, bu layihələrin iqtisadi faydasından əlavə siyasi nəticələrə də diqqət çəkmişdir. İki ölkə arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və birgə mövqelər, onların dünya siyasətində də həmrəy şəkildə çıxış etdiklərini göstərir. Azərbaycan və Gürcüstan BMT, ATƏT, GUAM və digər regional və beynəlxalq platformalarda bir-birinin suverenliyi və ərazi bütövlüyünü daima müdafiə edirlər. Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqlar fonunda Gürcüstanın balanslı mövqeyi və tərəfdaşlıq prinsipinə sadiqliyi, münasibətlərin sarsılmazlığının sübutudur.

Enerji təhlükəsizliyi XXI əsrin əsas strateji çağırışlarından biridir. Bu sahədə Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropa İttifaqı tərəfindən də yüksək qiymətləndirilir. Gürcüstan ərazisi ilə keçən enerji və nəqliyyat xətləri, alternativ enerji mənbələrinin inkişafında və enerji asılılığının azaldılmasında mühüm rol oynayır. Prezident İlham Əliyev çıxışında “Azərbaycan qazı Avropaya Gürcüstan ərazisindən keçir” ifadəsi ilə bu əməkdaşlığın konkret nəticəsini qeyd edib. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun Asiya və Avropa arasında mühüm nəqliyyat dəhlizi rolunu oynadığı da danılmazdır. İki ölkə arasında humanitar əməkdaşlıq da sürətlə inkişaf edir. Hər iki ölkədə yerləşən ali təhsil müəssisələri arasında əməkdaşlıq protokolları imzalanıb, tələbə mübadiləsi proqramları icra olunur. Azərbaycanda yaşayan gürcü icması və Gürcüstandakı azərbaycanlı icması da bu dostluq münasibətlərinin canlı təzahürüdür. Mədəniyyət günləri, sərgilər, ədəbi layihələr, dil və tərcümə proqramları əməkdaşlığın humanitar sahədəki genişliyini göstərir.

Dövlət başçılarının qarşılıqlı səfərləri, hökumətlərarası komissiyaların fəaliyyəti və nazirlər səviyyəsində müntəzəm görüşlər münasibətlərin institusional əsaslarla möhkəmləndirildiyini göstərir. Prezident İlham Əliyev son illərdə Gürcüstana 10-a yaxın rəsmi və işgüzar səfər edib, Gürcüstan Prezidenti dəfələrlə Azərbaycana təşrif buyurub. Azərbaycan və Gürcüstan münasibətlərinin əsasını qarşılıqlı hörmət, suverenliyə bağlılıq və ortaq inkişaf maraqları təşkil edir. Bu münasibətlər region üçün sabitlik və əməkdaşlıq modelidir. İrəlidə isə daha geniş enerji layihələri, “yaşıl enerji” sahəsində tərəfdaşlıq və yeni nəqliyyat marşrutlarının istifadəyə verilməsi nəzərdə tutulur. Azərbaycan və Gürcüstanın birgə səyləri ilə regionda formalaşan yeni reallıq sülh, təhlükəsizlik və davamlı inkişafa zəmin yaradır. Bu model, qarşılıqlı maraqlara əsaslanan uğurlu strateji tərəfdaşlıq nümunəsi kimi dünya ictimaiyyəti üçün də örnək ola bilər.

Rəhimli Gülay,
 Xəzər rayonu, 123 N-li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button