AnalitikaGündəmSiyasət

ADA Universitetində keçirilən forum qarşılıqlı anlaşma və dialoq üçün mühüm bir beynəlxalq platforma rolunu oynadı

Prezident İlham Əliyevin 9 aprel 2025-ci il tarixində ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda çıxışı, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemindəki mövqeyini bir daha nümayiş etdirdi. Dövlət başçısının nitqində vurğuladığı əsas ideyalardan biri də Azərbaycanın qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar prinsiplərinə əsaslanan diplomatik strategiyası idi. Bu prinsipial mövqe, ölkənin beynəlxalq nüfuzunun artmasında və regional sabitliyin qorunmasında mühüm rol oynamışdır.

Azərbaycan XXI əsrin mürəkkəb geosiyasi çağırışları fonunda balanslaşdırılmış və çoxşaxəli xarici siyasət yürüdərək müxtəlif regionlarla səmərəli əməkdaşlıq modelləri qurmağa nail olmuşdur. Prezident Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmamaq və tərəfdaşlarının suverenliyinə hörmət prinsiplərini dəyişməz siyasi xətt kimi qəbul edir. Bu, Azərbaycanı etibarlı tərəfdaş və vasitəçi kimi fərqləndirən əsas xüsusiyyətlərdəndir.

Ölkənin təşəbbüsü ilə keçirilən beynəlxalq forumlar, o cümlədən ADA Universitetində baş tutan bu tədbir, yalnız müzakirə platforması deyil, eyni zamanda müxtəlif baxışların bir araya gətirildiyi və qarşılıqlı anlaşma zəminində dialoqun inkişaf etdirildiyi mühüm tribuna rolunu oynayır. Forum çərçivəsində aparılan müzakirələr Azərbaycanın qlobal sülhə və təhlükəsizliyə verdiyi töhfəni əyani şəkildə nümayiş etdirdi. Azərbaycanın diplomatik strategiyası təkcə siyasi və iqtisadi maraqlarla məhdudlaşmır, eyni zamanda mədəniyyətlərarası dialoqun təşviqi, enerji təhlükəsizliyi və nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi kimi istiqamətləri də əhatə edir. Məsələn, Zəngəzur dəhlizinin inkişaf etdirilməsi ideyası təkcə regional deyil, həm də Avrasiya məkanında yeni inteqrasiya imkanlarını ehtiva edir. Nəticə etibarilə, Prezident İlham Əliyevin çıxışı və orada vurğulanan prinsiplər, Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı, müstəqil və gələcəyə yönəlik siyasət yürütməyə davam etdiyini göstərir. Bu siyasətin əsas dayaqları isə qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda əsasında qurulan əməkdaşlıq münasibətləridir ki, bu da Azərbaycanın dünya siyasətində artan rolunu daha da möhkəmləndirir.

Fatimə Axundzadə,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button