
13 mart 2025-ci ildə Bakıda keçirilən XII Qlobal Bakı Forumu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusu ətrafında dünya liderlərini, siyasətçiləri, akademikləri və nüfuzlu ekspertləri bir araya gətirdi. Forumda beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər, yeni çağırışlar və bu çağırışların fürsətə çevrilməsi yolları müzakirə olundu. Forumun əsas məqamlarından biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı oldu. O, müasir beynəlxalq münasibətlər sistemindəki əsas tendensiyalara toxunaraq, qlobal və regional çağırışların yeni imkanlara çevrilməsi yolları barədə mühüm mesajlar verdi. Prezident İlham Əliyev çıxışında dünyada artan geosiyasi gərginliklərə, enerji təhlükəsizliyi məsələlərinə, iqlim dəyişikliyinin təsirlərinə və beynəlxalq sistemdə qeyri-müəyyənliyin artmasına diqqət çəkdi. O, Azərbaycanın bu çağırışlarla mübarizədə oynadığı rolu vurğulayaraq, ölkəmizin regional və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri xüsusi qeyd etdi. Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolunu təhlil edən dövlət başçısı, ölkəmizin daxili sabitlik və iqtisadi inkişaf baxımından uğurlu bir model kimi çıxış etdiyini bildirdi.
Prezident Əliyev Azərbaycanın enerji strategiyasından danışaraq, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu vurğuladı. O, Azərbaycanın neft və qaz sektorunda qazandığı uğurları qeyd etməklə yanaşı, “yaşıl enerji” sahəsində atılan addımları da diqqətə çatdırdı. Bu kontekstdə Azərbaycanın bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, yeni enerji layihələrinin icrası və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm işlər gördüyünü bildirdi. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlığının əhəmiyyətini vurğuladı. O, Azərbaycanın qlobal sülh və dialoq təşəbbüsləri ilə beynəlxalq arenada nüfuzlu aktor kimi çıxış etdiyini bildirdi. Forum çərçivəsində, xüsusilə, Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın təşəbbüsləri və bu istiqamətdə atdığı konkret addımlar diqqətə çatdırıldı. Prezident Əliyev Forumun əsas mövzusuna uyğun olaraq, çağırışların necə fürsətə çevrilə biləcəyini izah etdi. O, Azərbaycanın post-münaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərindən danışaraq, bu təcrübənin digər münaqişə zonaları üçün nümunə ola biləcəyini vurğuladı. O, regionda infrastruktur layihələrinin sürətlə həyata keçirildiyini, yeni şəhər və qəsəbələrin inşa edildiyini və bölgənin dayanıqlı inkişaf üçün mühüm potensiala sahib olduğunu qeyd etdi. Sonda Prezident İlham Əliyev Azərbaycan xalqının qlobal arenada sülh və inkişaf naminə səylərinin davam edəcəyini bildirdi və beynəlxalq ictimaiyyəti birgə əməkdaşlığa çağırdı. O, Forum iştirakçılarına Azərbaycanın sülh və sabitliyə verdiyi töhfələr haqqında geniş məlumat verdi və ölkəmizin qlobal çağırışlar qarşısında açıq dialoq və əməkdaşlıq prinsiplərinə sadiq qaldığını bəyan etdi. XII Qlobal Bakı Forumunun nəticələri göstərdi ki, qlobal çağırışlar qarşısında dialoq və əməkdaşlıq yeni fürsətlər yarada bilər. Azərbaycanın bu istiqamətdə irəli sürdüyü təşəbbüslər isə ölkəmizi dünya siyasətində mühüm oyunçulardan biri kimi möhkəmləndirir və onun beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir.
Sahil Əliyev,
YAP-ın gənc fəalı