
Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala qışın qurtarmasına və baharın gəlişinə həsr olunur. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.
Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər. Qədim Vavilonada bu bayram Nisanın (mart, aprel) 21 günü qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları (mərasim, ayin), öz əyləncələri mövcüd idi. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranmışdır.
İslam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Ancaq Novruzun islamdan da əvvəl yaranmasını görkəmli maarifçilərdən Firdovsi, Rudaki, Avisenna, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin “Siyasətnamə”sini, Ömər Xəyyamın “Novruznamə”sini və başqalarını qeyd etmək olar.
Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu, çünki hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi.
Dahi siyasətçi Heydər Əliyev bütün varlığı, qəlbi, ruhu ilə doğma xalqına, onun milli adət-ənənələrinə, əxlaqi dəyərlərinə bağlı olan böyük tarixi şəxsiyyət idi. Ulu öndərin qəlbində ana təbiətin oyanışının, həyatın yenilənməsinin, ümidlərin, arzuların çiçəklənməsinin, insanlar arasında bərabərliyin, həmrəyliyin rəmzi sayılan Novruz bayramına xüsusilə dərin bir sevgi vardı.
Ümummilli lider 2000-ci il martın 21-də Novruz bayramında son dərəcə parlaq, unudulmaz çıxışında deyibdir: “Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramıdır. Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bayramlarıdır, bir qismi xalq, din bayramlarıdır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır”.
Heydər Əliyev qeyd edibdir ki, Novruz bayramının dünyada olan bütün xalqların bayramlarından fərqi odur ki, bu bayram təbiətlə, kainatla əlaqədardır. Özü də bunun elmi əsasları var. Bu bayram min illər boyu xalqımızın qəlbinə daxil olub və çox dərin köklər salıbdır. Ona görə də bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi keçirir.
Dahi siyasətçi həmin tarixi çıxışında Novruzun xalqımızın həyatında, məişət və mentalitetində dərin iz buraxdığını məxsusi qeyd edərək vurğulayıbdır: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevənlər də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür”.
Heydər Əliyev doğma xalqını sonsuz bir məhəbbətlə sevirdi. O, Vətəninin daha güclü və qüdrətli bir dövlətə çevrilməsini, ölkə vətəndaşlarının xoşbəxt və rifah içində yaşamalarını arzulayırdı. Dahi siyasətçi memarı və qurucusu olduğu müstəqil Azərbaycan dövlətinin və xalqının parlaq gələcəyinə inanırdı. Dahi siyasətçi əmin idi ki, xalqımızın həyatı gündən-günə yaxşılaşacaq, Azərbaycan yüksələcək və respublikamızın hər bir sakini rahat və xoşbəxt yaşayacaqdır.
Orxan Abdullazadə,
YAP-ın gənc fəalı