
“Bu gün dünya yeni geosiyasi konfiqurasiya axtarışındadır. 1991-ci ilə qədər mövcud olmuş dünya nizamını mexanizmləri, eləcə də bu quruluşun beynəlxalq aktorları artıq yeni qaydalarla işləyə bilmir. Uzun illər beynəlxalq hüquqa əsaslanmaqla ədaləti təmin etmək axtarışında olmuş təşkilatlar belə sürətlə etimad itkisinə məruz qalmaqdadır. Mövcud ikili standartlar, selektiv yanaşmalar və beynəlxalq ədalətsizlik köhnə qaydalarla yaşamağın mümkünlüyünü inkar etməkdədir. Bu səbəbdən də dünya ölkələri yeni və daha ədalətli əməkdaşlıq konfiqurasiyası naminə dəyişikliklər axtarışındadırlar”.
Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibəsində regional və qlobal təhlükəsizlik, əməkdaşlıq və yeni dünya nizamı barədə mühüm fikirlərini səsləndirib: “Prezident İlham Əliyevin qənaətincə hazırda dünyada yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir və bildiyimiz dünya nizamı artıq mövcud deyil. Lakin onu da qəbul etmək lazımdır ki, dünya qlobal transformasiyanın ilkin mərhələsindədir və hələ beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil.
“Prezident İlham Əliyevin diqqət çəkdiyi çox mühüm məqamlardan biri də odur ki, gələcək üçün ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər” – deyən Ramil Vəlibəyov əlavə edib ki, buna səbəb ötən illər ərzində bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini, yaxud da tamamilə iflic vəziyyətində olduğunu nümayiş etdirib. Ona görə də hər bir ölkə özünün daxili işlərinə və öz imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır.