AnalitikaGündəmSosial

Azərbaycanın Novruz bayramını qeyd etməsi mədəniyyətini yaşatma əzmini nümayiş etdirir

Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Novruz bayramında keçirilən kütləvi bayram şənlikləri  xalqımızın birlik-bərabərlik və həmrəyliyindən xəbər verir. Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə hər il Novruz bayramında el şənliklərində iştirak edən Ulu öndər Heydər Əliyev xalqımızın milli bayramına böyük önəm verir, Novruz bayramının mahiyyətini izah edən dəyərəli fikirlər söyləyirdi. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev Novruz bayramını xalqın gözəl neməti və dostluq, həmrəylik, yüksək mənəviyyat bayramı adlandırmışdır. Eyni zamanda bildirmişdir ki, böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Ulu Öndər həmçinin hesab edirdi ki, müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz. Ona görə də Novruz xalqımızın hamısını eyni dərəcədə həm sevindirməli, həm həvəsləndirməli, həm də birləşdirməlidir.

Aparılan uğurlu dövlət siyasəti nəticəsində artıq Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqları məlumatlıdırlar. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri təqdirəlayiqdir.

Mehriban xanım Əliyevanın 2004-cü il avqustun 13-dən başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər, Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən, qoruma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir. 28 sentyabr 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Həmçinin 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti sayəsində xalqmızın milli bayramı olan Novruzun beynəlxalq müstəvidə tanıdılması üçün həyata keçirilən bu işlər Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə hesab edilməlidir. Milli bayramımız olan Novruz bayramının həm də özünə xas xüsusiyyətləri, öz fəlsəfəsi var. Xalqımız Novruz bayramına qədər böyük ruh yüksəkliyi ilə dörd bayram çərşənbəsini qeyd edir. İlk çərşənbə Su çərşənbəsi, ikinci çərşənbə Od çərşənbəsi, üçüncü çərşənbə Yel çərşənbəsi, dördüncü çərşənbə isə ilaxır çərşənbəsi – Torpaq çərşənbəsi adlanır. Saflıq, təmizlik, həmrəylik, barışıq bayramı olan Novruz bayramında həm də təbiət oyanır, ağaclar çiçəkləyir, baharın müjdəsini xəbər verən bənövşə, nərgiz, novruz gülü açır, yazın ətri duyulur, küsülülər barışır.

21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Novruz bayramı həm də Azərbaycanın zəngin tarixini, folklorunu, qədim adət – ənənələrini özündə əks etdirən bir milli bayramdır. Artıq biz Novruz bayramını cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində  qalib xalq olaraq qeyd edirik. Bu isə misli görünməmiş xoşbəxtlikdir.

Afaq Mustafayeva.,
YAP Xəzər rayon təşkilatının mühasibi

Oxşar Xəbərlər

Back to top button