Xocalı soyqırımı unudulmaz tarixi ağrıdır

1992-ci ilin fevralında baş vermiş Xocalı qətliamından artıq 33 il ötür. Bu faciə qan yaddaşımıza elə həkk olunub ki, illər ötsədə xalqımızın hafizəsindən silinmiyəcək. Çünki bu faciə bir xalqa bir millətə qarşı törədilən soyqırımdır. Daha doğrusu bəşəriyyətə yönəlmiş bir vandalizm siyasətidir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə 366-cı rus-sovet motoatıcı alayında cəmləşən 50-dən artıq erməni zabiti, praporşiki və əsgəri rus zabitlərinin hımayəsi altında dinc əhaliyə qarşı qəddarlıq aksiyasını, soyqırımı həyata keçirdilər. Xalqımızın tarixinə ən dəhşətli faciə kimi daxil olan Xocalı qətliamı ilə bağlı Ulu Öndər Heydər Əliyev demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir ”.
Hər il xalqımız Xocalı soyqırımını böyük kədər, qəm-qüssə ilə anır, şəhidlərimizin ruhuna dualar oxuyur. Bu il soyqırımının ildönümü ilk dəfədir ki, fərqli şəkildə anılır. Çünki 33 il əvvəl ermənilər tərəfindən işğal edilmiş Xocalı azadlığa qovuşub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Düşməni işğal etdiyi ərazilərimizdən qovdu. 200 ildən artıq müddətdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən qəddar Ermənistan ordusu darmadağın edildi. Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qisası alındı.
Bu gün dövlətimizin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, dünyanın bir çox aparıcı dövlətləri Xocalı soyqırımını tanıyır və bir çoxları da tanımaqdadır. Lakin bununla arxayınlaşmaq olmaz. Dünyanın bütün diqqətini bu faciəyə və bunu törədənlərə qarşı çevirərək haqq səsimizi bütün sülhsevər ölkələrə çatdırmalıyıq. Çünki dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Xocalıda ermənilərin törətdikləri soyqırım XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri kimi tarixə düşüb.Erməni qəsbkarları Xocalıda dinc əhaliyə divan tutub, onları xüsusi qəddarlıqla qətlə yetirməklə bir sıra məqsədlər güdürdülər.
Xocalı hadisəsinin baş verməsi ilə, bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca milli mənşəyinə görə qəddarcasına, dözülməz işgəncələr verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək zülm, təhqir və həqarətə məruz qoyulmuşlar.
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.