Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən böyük cinayətdir

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı aktı törədilmişdir. Təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş bu cinayətin iştirakçıları məlumdur. Bunlar Ermənistan Respublikası silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir. Əvvəlcə Xocalı toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edilmişdir. Şəhər ərazisində yanğınlar başlanmışdır. Sonra piyada qüvvələr bir neçə istiqamətdən şəhərə girmişlər. Sağ qalmış sakinlərə vəhşicəsinə divan tutulmuşdur. 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülmüşdür. 8 ailə bütünlüklə məhv edilmişdir. 487 nəfər şikəst edilmişdir. 1275 sakin-qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalmışlar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası 2008-ci ilin mayında Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu danılmazdır. Fondun gərgin əməyi və məqsədyönlü fəaliyyəti nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Heydər Əliyev Fondu Xocalı soyqırımı ilə bağlı 100-ə qədər materialın xaricdə sərgisini təşkil edib. Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü artıq ifşa olunub və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayıb. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əks olunur. Dünyanın 56 ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini insanlığa qarşı cinayət kimi qiymətləndirib və onu soyqırımı kimi tanıyıb. Təşkilat üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb.
İlk dövrlərdə “Xocalıya ədalət, Qarabağa azadlıq” şüarı altında aparılan kampaniya 2009-cu ilin fevral ayından bilavasitə beynəlxalq müstəviyə çıxarılıb. Ötən dövrdə bu kampaniyanın məqsədi Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqınların və məcburi köçkünlərin düşdüyü ağır vəziyyət haqqında həqiqətləri dünya birliyinə çatdırmaq olmuşdur. Heydər Əliyev Fondu və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu bu vaxtadək dünyanın yüzədək ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirib. Fond konfranslar, xatirə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, DVD-disklər buraxır, filmlər çəkir. 2008-ci ildən başlayaraq “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bütün dünyada yüzlərlə aksiya keçirilib. Avropa İttifaqının üzvü olan dövlətlərin, demək olar ki, hamısında, MDB, Asiya, Cənubi və Şimali Amerika ölkələrində konfranslar, seminarlar, piketlər təşkil olunub.
Bu kampaniya sayəsində bir sıra beynəlxalq forum Xocalı faciəsini tanıyıb. Bir neçə il əvvəl Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun və İKT Gənclər Forumunu təşkilatçılığı ilə keçirilən aksiyada 31 ölkənin deputatları Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanıyıblar. “Xocalıya ədalət!” çağırışı tarixi zərurətdən yaranmışdır, bu müraciətin siyasi coğrafiyası, mədəni irsin qorunması məsələləri araşdırılmışdır. Bu beynəlxalq kampaniya beynəlxalq terrora və müharibəyə qarşı qəhrəmanlıq abidəsi kimi qiymətləndirilmişdir. “Xocalıya ədalət!” çağırışı diqtə edir ki, tariximizin qan yaddaşını artıq vərəqləmək vaxtıdır. Bu gün bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanların taleyi uğrunda mübarizəyə çağıran “Xocalıya ədalət!” adlı mənəvi bir cəbhə mövcuddur. Nə qədər ki, terror və amansızlıq, müharibə var bu ideoloji cəbhə də həmişə yaşayacaqdır. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 2009-cu ildən dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirilib. Bura konfranslar, sərgilər, küçə yürüşləri daxildir. “Xocalıya ədalət!”in çağırışlarına cavab olaraq, 2012-ci ildə İstanbulda 1 milyon insanın qatıldığı izdihamlı yürüş təşkil olunub. 2015-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində “Xocalıya ədalət” kitabı ingilis və rus dillərində nəşr olunub.
Hər il “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan silsilə təqdimatlar təşkil edilir. Diasporla İş üzrə Dövlət Komitəsində keçirilən təqdimat zamanı “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində atılan addımlar, hazırlanan müxtəlif nəşr, video və digər təbliğat vasitələri barədə məlumat veriliib.Kampaniyanın dəstəyi ilə bu günədək müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunan çoxsaylı tədbirlər keçirilib, geniş təbliğat-təşviqat işi aparılıb. Kampaniyanın fəaliyyəti nəticəsində bir sıra dövlətlərin parlamentləri tərəfindən Xocalı hadisələrinin rəsmi şəkildə soyqırımı kimi tanınması və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsinə nail olunub.
Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalmış ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə, irqi və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə istiqamətlənib. Bu kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. Hər birimiz harada yaşamağımızdan asılı olmayaraq, bu kampaniyaya dəstək verməli, Azərbaycan həqiqətlərinin, xalqımızın başına gətirilən bütün müsibətlərin təbliğ edilməsi, erməni yalanlarının qarşısının alınması istiqamətində fəaliyyət göstəməliyik.
Əkbərova Hüsniyyə,
Xəzər rayonu, 92 №li tam orta məktəbin tarix müəllimi