İdman

Bu gün dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq

Bu gün Qətərdə futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq.

Aktualinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, G qrupu çərçivəsində Kamerun – Braziliya və Serbiya-İsveçrə oyunları keçiriləcək. “Lusail” stadionunda oynanılacaq Kamerun–Braziliya matçını ABŞ-dan olan FIFA referisi İsmail Elfat idarə edəcək. “Stadium 974”də keçiriləcək digər matç isə Fernando Rapalliniyə (Argentina) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hesabında 6 xal olan Braziliya millisi qrupa liderlik edir. İsveçrə 3 xalla ikincidir. Kamerun və Serbiya seçmələri 1 xalla üçüncü-dördüncü pillədə yer alıblar.

H qrupu çərçivəsində isə Qana – Uruqvay və Koreya Respublikası – Portuqaliya matçları oynanılacaq. Hər iki oyuna saat 19:00-da start veriləcək. “Əl Canub” stadionunda keçiriləcək Qana – Uruqvay matçı almaniyalı hakim Daniel Zibert idarə edəcək. “Edukeyşın Siti” stadionunda təşkil olunacaq digər oyun isə Argentinadan olan hakim Fakundo Teloya tapşırılıb.

Portuqaliya millisi 6 xalla qrupun lideridir. Qana 3 xalla ikinci, hesabında 1 xal olan Koreya Respublikası və Uruqvay üçüncü-dördüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları səkkizdəbir finala vəsiqəni təmin ediblər.

Oxşar Xəbərlər

Back to top button