GündəmAnalitika

Azərbaycanın dünyada artan nüfuzu – COP29 bizə göstərilən etimaddır

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu il -2024-cü ilde Azərbaycanda keçirildi. Bu tədbirə ev sahibliyi etmək bizim üçün bir uğurdur. Ölkə başçımız , Hörmətli prezidentimiz İlham Əliyevin də dediyi kimi “ Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.”

Noyabrın 11-dən 24-nə qədər Bakıda keçirilən COP29 iqlim sammiti həm Azərbaycan, həm də ümumilikdə dünya üçün uğurlu beynəlxalq tədbir kimi yaddaşlara həkk olunduAzərbaycanın bu cür tədbirlər keçirmək üzrə böyük təcrübəsi var. İndiyə kimi Bakıda “Avroviziya” musiqi yarışması, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi böyük tədbirlər keçirilib. COP29-un Bakıda təşkil olunması ilə bağlı qərar veriləndə Azərbaycanın məhz bu cür kütləvi tədbirlərin keçirilməklə bağlı təcrübəsi və respublikamızda siyasi-ictimai sabitlik kimi məsələlər nəzərə alınmışdı. COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasətin nəticəsi və respublikamızın dünyadakı yüksək nüfuzunun göstəricisidir. Gərgin müzakirələrdən, açıq şəkil alan mübahisələrdən sonra əldə olunan razılaşmalar bir sıra dünya liderlərinin təqdirini qazandı və onlar COP29-un işini yüksək qiymətləndirirlər. COP29-un nəticələri əvvəlki COP sessiyaları ilə müqayisədə qlobal iqlim fəsadları ilə mübarizəyə daha çox töhfələr verməsi ilə əlamətdar oldu. Bunu tədbirin son günü qəbul edilən qərarlar, əldə olunan razılaşmalar da təsdiq edir. Bir sözlə, Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi tədbir oldu və iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfələri ilə yadda qalacaq. Eyni zamanda, bütün dünya respublikamızın nailiyyətləri ilə daha yaxından tanış oldu

İqlim dəyişikliklərinin fəsadları ilə bağlı belə bir hesabalama mövcuddur ki, yaxın illərdə bunun üçün 10 trilyondan çox vəsait lazım olacaq. Təbii kataklizmlərin müxtəlif ölkələrə vurduğu zərər bundan az olmayacaq. COP29-da qəbul olunan ən önəmli qərarlardan biri də məhz bu istiqamətdədir. Əldə olunan razılaşmaya əsasən hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi hədəfləyir. Bakı Maliyyə Məqsədi varlı ölkələrin 2035-ci ilə qədər kasıb dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir.

COP29 sədarətinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək. Bu vəsait, lakonik desək, kasıb ölkələrin iqlim dəyişikliklərinə uyğunlaşmasını təmin edən layihələrə yönəldilməlidir.

COP29-un ən böyük uğurlarından biri 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da “Paris sazişi”nin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirilməsi oldu. Bununla bağlı razılığın əldə olunması COP29 sədarətinin xüsusi önəm verdiyi məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.

Beləliklə, Azərbaycan dövləti daha bir qlobal tədbiri yüksək səviyyədə keçirməyə müyəssər oldu. Xarici qonaqların qarşılanmasından ev və otellərdə yaşamalarına qədər, nəqliyyat və təhlükəsizlikdən tədbirin baş tutduğu zallardakı rahatlığa qədər hər şey çox böyük peşəkarlıqla həyata keçirildi. Azərbaycan Qlobal Cənub ilə Şimalı bir yerə gətirməyi bacardı, planetar miqyaslı problemlərin effektiv şəkildə müzakirəsinə ev sahibliyini böyük əzmkarlıq və professionallıqla keçirməyə qadir oldu. COP 29-da Azərbaycan qlobal problemlərin həllində sözdə deyil, əməldə da fəal iştirakçı olduğunu sübut etdi və ölkəmizin əksər dövlətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyi bir daha onlar tərəfindən təsdiqləndi.

Nuranə Xudabaxışova,
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Oxşar Xəbərlər

Back to top button