AnalitikaGündəmOrduSiyasət

Ağdam rayonunun işğaldan azad olunması ilə Azərbaycan həm müharibə, həm də diplomatiya müstəvisində parlaq qələbə qazandı

“1993-cü ildə Ağdam 42 gün davam edən döyüşlərdən sonra Ermənistan tərəfindən işğal edilmişdi. Həmin dövrdə Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etmişdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu hücum qətiyyətlə pislənmiş, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdi. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi qəbul olunmuşdu. Qətnamədə işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayınırdı. 27 il sonra Vətən müharibəsində əldə edilmiş qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin noyabr ayının 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi. Bununla da, Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi”.

Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Ağdam rayonunun işğaldan azad olunması ilə Azərbaycan həm müharibə, həm də diplomatiya müstəvisində parlaq qələbə qazandı: “Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırırdılar. Təsadüfi deyil ki, işğaldan azad olunmuş Ağdamdakı vəziyyət bir daha erməni barbarlığının və vandalizminin real mənzərəsini dünyaya nümayiş etdirdi. Bütün dünya şahidi oldu ki, azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoyub, təhqir və qarət edib. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirib”.

“2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edilib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub: “Bu gün içğaldan azad olunmuş Ağdam cənnətə çevrilməkdədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ağdamın əvvəlki şöhrəti qaytarılmaqdadır. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə  – Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Onu da əlavə edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 noyabr tarixinin Ağdam şəhəri günü kimi müəyyən olunması şanlı zəfərimizin əbədiləşdirilməsidir. Bütün bunlar bir daha müzəffər Ali Baş Komandanın və Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərin cənnətə çevrilməsi işindəki iradəsini, qətiyyətini nümayiş etdirir”.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button