AnalitikaDünyaGündəm

COP29 – Dünyanın mərkəzinə çevrilən Azərbaycan

2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı və ya daha çox COP29 kimi tanınan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransı 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu konfransıdır.

“Azərbaycana COP29-un keçirilməsi imkanı təxminən 200 ölkənin yekdil qərarı ilə təqdim olundu. Bu, ölkəmizə hörmət əlaməti və beynəlxalq arenada fəal rolumuzun qiymətləndirilməsi deməkdir” deyə, Azərbaycan Prezidenti İlham Əliyev 12 noyabrda Bakıda COP29 Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bildirib. Əlavə olaraq, Prezident İlham Əliyevin çıxışındakı əsas məqamları diqqətinizə çatdırmaq istərdim:

Ölkə başçısı COP29-un sədri olaraq, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında konsensusun əldə olunmasına töhfə verməyə və Qlobal Cənub ilə Qlobal Şimal arasında əlaqələri yaxşılaşdırmağa çalışır.120 ölkənin dəstəyi ilə Azərbaycan Birləşmiş Millətlər Təşkilatından sonra ən böyük institut olan Qoşulmama Hərəkatına sədrlik edib.

Azərbaycan — Şərq və Qərbin, Şimal və Cənubun qovuşduğu bir ölkədir. Burada yalnız coğrafiyadan söhbət getmir: Azərbaycan beynəlxalq oyunçular arasında siyasi, mədəni, energetik, ticarət və nəqliyyat körpüləri qurur.

Azərbaycanın başladığı meqalayihələr Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdi və səmərəli çoxtərəfli əməkdaşlıq formatlarının yaranmasına səbəb oldu.

Ermənistan tərəfindən otuz il ərzində beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-nin işğalına və təxminən bir milyon azərbaycanlının doğma torpaqlarından didərgin düşməsinə baxmayaraq, Azərbaycan güclü dövlət qurdu, sabit iqtisadiyyat və müstəqil siyasət təmin etdi.

Dörd il əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi qələbə qazandı. Bir il əvvəl Azərbaycan BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq tam suverenliyini bərpa etdi, erməni işğalına son qoyaraq beynəlxalq hüququ və ədaləti bərpa etdi.

Azərbaycan çoxtərəfli yanaşmanın tərəfdarıdır və eyni zamanda mədəniyyətlərarası dialoqda fəal rol oynayır.

Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq bir ailə kimi sülh və həmrəylik şəraitində yaşayır.

Azərbaycan COP29-un keçirilməsi üçün seçilən kimi, təşkil olunmuş böhtan kampaniyasının hədəfinə çevrildi. Özlərini müstəqil adlandıran bəzi QHT-lər və siyasətçilər ölkəmiz haqqında dezinformasiya yaymaqda bir-biriləri ilə rəqabət aparırdılar.

İki il əvvəl Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzalayıb, bu Avropa Komissiyasının təklifi idi. Onların bizim qazımıza ehtiyacı vardı.

Təəssüf ki, ikili standartlar və siyasi riyakarlıq bəzi Qərb ölkələrində siyasətçilər və media üçün adi hala çevrilib.

Mənim son mesajım COP29-un boykotunu təbliğ edənlərədir. Onlar təbliğat kampaniyasını aparmaq üçün bütün imkanlardan istifadə etdilər. Onlar üçün pis xəbərimiz var: 196 ölkədən 72 min iştirakçı, o cümlədən 80 prezident, vitse-prezident və baş nazir qeydiyyatdan keçib. Dünya Bakıya yığışdı və biz dünyaya deyirik:

«Azərbaycan xoş gəlmisiniz!»

COP tədbirlərinin məqsədi, Paris sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır. 2023-cü il, dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Prezident çıxış edərək, bildirmişdir: “Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.”

2015-ci ildə dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris sazişi qəbul olunub. 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri tərəfindən imzalanan bu sənədi 2016-cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti adından, keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.

11–24 noyabr tarixlərində Bakıda keçirilən konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80–100 min nəfərə qədər nümayəndə heyəti qəbul edildi. COP29 ölkə tarixində keçirilən ən böyük tədbir hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır.

Gülər Məmmədbəyli,
Xəzər rayonu, R.Qasımov adına 216 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button