AnalitikaGündəm

COP29-da müxtəlif xalqların nümayəndələri Azərbaycanda

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu millimədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

Çoxmədəniyyətli dövlət olan ölkəmiz bugünədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bütün dünyanı daim humanizm dəyərlərinə sədaqətli olmağa səsləmişdir. 2009-cu ildə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı – “Bakı prosesi” adlanan bu təşəbbüs sonradan Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsinə təkan verdi. 2010-cu ilin aprelində Bakıda dünya dini liderlərinin sammitinin keçirilməsi, noyabrda isə “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda tədbirin yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin ölkədə dini tolerantlığa xüsusi önəm verməsindən irəli gəlirdi. 2011-ci ilin aprel ayında Azərbaycanda növbəti möhtəşəm tədbir – Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” devizi altında 2013-cü il may ayının 29-dan iyunun 1-dək Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu və 2015-ci il 18-19 mayda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin siyasi-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsinin, həmçinin bu istiqamətdə keçirilən digər tədbirlərin Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, Azərbaycan xalqının tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyəti böyükdür. Bu isə dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Bu gün Azərbaycanda uğurla həyata keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı – COP29 çərçivəsində ölkəmizə saysız-hesabsız turistlər axın edir. Tolerantlığın ünvanı olan Azərbaycan müxtəlif xalqların nümayəndəsi olan turistlərin rahat və təhlükəsiz istirahətini təmin edir. Bildiyimiz kimi, son illər ölkəmizdə qeyri-neft sektorunun, əsasən də turizmin inkişaf etdirilməsi prioritet istiqamət kimi, dövlət başçımızın da xüsusi diqqət yetirdiyi sahələrdən biridir. Turizmin inkişaf etdirilməsi baxımından da, ölkəmizdə mövcud olan multikultural mühit çox böyük önəm daşıyır. Çünki öz istirahəti üçün hansısa bir məkanı seçən insan, ilk növbədə oradakı mühitə, təhlükəsizlik baxımından mövcud şəraitə diqqət edir. Yəni biz bir körpü kimi Şərqi də, Qərbi də özümüzdə birləşdirmək iqtidarındayıq. Çünki, müasir multimədəni cəmiyyətlər düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun əsas örnəklərindən biri Azərbaycan Respublikasının tərəqqisidir ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri də harmonik inkişaf edirlər.

Əminə Baloğlanova,
Xəzər rayonu, 26 nömrəli məktəbin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button