AnalitikaGündəmMədəniyyətSiyasət

Şuşa Zəfərimizin rəmzidir

Xalqımız 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin dördüncü ilini qeyd edəcək. Əlbəttə, İkinci Qarabağ müharibəsinin hər günü bir şanlı tarix, misli görünməmiş qəhrəmanlıq dastanı, Zəfər salnaməsidir. Ancaq birmənalı olaraq deyə bilərik ki, Qarabağ Zəfərinin baş tacı Şuşa zəfəridir. 2020-ci il noyabrın 8-i tariximizə şanlı bir gün kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən Qarabağda başladığı və 44 gün ərzində aparılan uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli qədim Şuşa şəhərinin rəşadətli ordumuz tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tariximizə yazıldı. Prezident İlham cənab Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Şuşa bütün dövrlərdə Azərbaycanın tarix və mədəniyyət rəmzi, milli iftixar simvolu, Qarabağın döyünən qəlbi olub. 30 ilə yaxın düşmən tapdağında olan bu müəqəddəs şəhərə qovuşmaq dövlətçiliyimizin memarı Ulu öndər Heydər Əliyevin və Onun bütün ümdə arzularını gerçəyə çevirən Prezident cənab İlham Əliyevin ən böyük arzusu idi. Dövlətimizin başçısı və xalqımız Şuşasız qaldığımız illərdə heç vaxt öz mübarizə ruhunu və azadlıq istəyini itirmədi, həmişə torqalarımızı azad etmək əzmi ilə yaşadı. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində sarsılmaz inamlı qələbələrin əldə edildiyi ilk günlərdə yenə də hamının qəlbi Şuşa intizarı ilə çırpınırdı. Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Ona görə də, rəşadətli ordumuz hər gün, hər saat, hər dəqiqə Şuşaya doğru dayanmadan, inamla irəliləyirdi. Qəhrəman əsgər və zabitlərimiz çətin və mürəkkəb relyefə, ağır hava və yolsuzluq şəraitinə baxmayaraq, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Şuşadan qovaraq çıxardı. Ata vəsiyyətini layiqincə yerinə yetirən Möhtərəm Prezidentin tarixi missiyası uğurla tamamlandı və Zəfər Günümüzə qovuşduq.

Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”

Altun İbrahimov,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button