AnalitikaGündəmSiyasət

Azərbaycan Ordusunun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi

4 il əvvəl – 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı.

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa işğaldan azad olunan gün noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində verdiyi bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. İnsanlar küçələrə, meydanlara axışaraq qürur və böyük sevinc hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” ifadələri Azərbaycan xalqının bütün acılarını dindirdi.

Əslində alınmaz qala sayılan Şuşanın belə qısa müddətdə süqut etməsinin səbəblərindən biri şəhərin müdafiəsinin yetərincə təşkil olunmaması idi. Ermənistan isə Şuşa ətrafına çoxsaylı hərbi texnika və canlı qüvvə yığmışdı. Erməni mənbələrinin məlumatlarına görə, şəhərə hücumda 100-dək zirehli maşın və tank, 11 min canlı qüvvə iştirak etmişdi. Erməni silahlı birləşmələrinin tərkibində hətta xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.

Azərbaycan Ordusunun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi. Belə ki, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. Bununla da Azərbaycanın, xüsusən də Qarabağın baş tacı olan Şuşa şəhəri illərin əsarətdən, ağır işgəncələrlə müşayiət olunan məhbusluq həyatından xilas edildi. Azadlığının ilk günündən etibarən, şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan bərpa işlərinə başlanıldı. Hazırda Şuşanın əvvəlki görkəmini özünə qaytarması, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün sürətli işlər aparılır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib. Çünki tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daimi inkişafına şərait yaradacaqdır.

Bütün bunları gözə alan Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzaladı. Beləliklə, Şuşa azadlığının ilk dövrünə mədəniyyət paytaxtı kimi qədəm qoydu.

Abbasova Qızyetər,
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button