Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi start götürüb.
Aktualinfo.az AZƏRTAC-a istinadən bildirirlər ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.
Belə ki, mübarizəyə dörddəbir finaldan başlayan yığma üzvü Zəhra İsayeva (29 kq) ilk döyüşündə Elli Antoniounu (Kipr), yarımfinalda Arijana İvanovici (Serbiya), finalda isə Efe Nazlını (Türkiyə) məğlub edərək çempion tituluna yiyələnib.
Digər taekvondoçumuz Xuraman Cavadzadə (37 kq) də yarışı medalla başa vurub. Səkkizdəbir finalda mübarizəyə başlayan idmançımız Lilo Gameli (Fransa), ardınca Eyla Makası (Bosniya və Herseqovina) məğlub edib. X.Cavadzadə yarımfinalda ermənistanlı Melanie Qrace Ayvazyana da gücünü göstərib. Rəqibinə heç bir şans verməyən taekvondoçumuz inamlı qələbə qazanıb. O, finalda isə Sofiya Hiniçlə (Xorvatiya) döyüşüb və rəqib üstün olduğundan gümüş medala layiq görülüb.
Beləliklə, yığmamız Avropa birinciliyinin ilk günündə 1 qızıl və 1 gümüş medal qazanıb.
Qeyd edək ki, çempionat noyabrın 28-dək davam edəcək.