Analitika

Seçkilər bir dövrə yekun vurdu

Türk toplumlarında qədimdən döv­lət başçısının and içməsi çox müqəddəs sakral hadisə kimi qəbul edilmiş və ona böyük önəm verilmişdir. Xalq arasında bu mərasim başçının hamının qarşısında “kişi sözü verməsi” kimi qiymətləndirilmiş­dir. Çoxsaylı araşdırmalarda vurğulanır ki, türk toplumlarında, o cümlədən Azərbay­canda seçilmiş dövlət başçısının andiçmə mərasimi xüsusi mənası olan rituallarla keçirilmişdir. Məsələn, seçilmiş Bəyi ətra­fında olan digər bəylər əlləri üstünə qal­dırmış və bir sıra suallar vermişlər. Həmin suallar sırasında başçının hansı müddətə bu vəzifədə qalması ilə bağlı olardı. Al­dıqları cavabdan asılı olmayaraq, türk toplumu və onun bəyləri başçının konkret əməllərinə baxardılar. Əgər başçı uğurlu­dursa və toplumun rifahını və təhlükəsiz­liyini təmin edirdisə, uzun müddət vəzifə­sində qalırdı. Bu ənənə müxtəlif formalarda əsrlərlə türk xalqlarında öz yerini qorudu.

Burada əsas siyasi məqamlar ondan ibarətdir ki, birincisi, dövlətə seçilən başçının fəliyyə­ti xalqın ədaləti, rifahı və təhlükəsizliyinə göstərdiyi ximətlə qiymətləndirilirdi, ikinci­si, dövlət rəhbərini əhatə edən toplumun xüsusi nümayəndələri ona ciddi dəstək verirdilər, üçüncüsü, başçı daim xalq (top­lum) qarşısında məsuliyyətini hiss edirdi. Bütün bunların yekun rəmzi kimi bəylər andiçmə mərasimində başçını qolları üstünə qaldıranda onun boynuna xüsusi rəngdə şərf dolayardılar ki, bu da vəzifə­nin müqəddəsliyinin və yüksək məsuliy­yətin rəmzi olsun!
İndi bütün bu proseslərin dərin məntiqi və mənası saxlanmışdır. Lakin proses çox müasirləşmişdir. Prezidentin Qurani-Kə­rimə əl basması və Bayraq qarşısında diz çöküb onu öpməsi bütün mənaları, sak­ral mesajları və siyasi anlamları özündə ehtiva edir. Azərbaycan Prezidenti yalnız Quranın altından keçir və yalnız Bayraq qarşısında diz çökür! Dünyada başqa heç bir qüvvə Azərbaycan rəhbərini diz çök­məyə məcbur edə bilməz!

Xüsusilə, Ulu Öndərdən sonra İlham Əliyev Prezident kimi qədim Azərbaycan dövlətçiliyinin bu prinsiplərini tam olaraq gözləyir! İndi cənab Prezidentin and iç­məsi bütün xalqa qürurla yanaşı, ümid, inam və çalışqanlıq ruhu verir! Hər bir Azərbaycan vətəndaşı İlham Əliyevin Prezident kimi and içməsinə həyatın çox ciddi bir hadisəsi kimi baxır! Bu Andiçmə həm şərəf verir, həm də məsuliyyət hissi­mizi qat-qat artırır!

Bunun səbəblərindən biri də müstəqil və müasir Azərbaycan siyasi tarixində ilk dəfə olaraq dövlət başçısının ərazi bütöv­lüyünün tam bərpası və suverenliyin tam təmin edilməsi şəraitində and içməsidir. Bu reallığın rəmzi İlham Əliyevin eyni dərəcədə dövlət başçısı, Lider və Ali Baş Komandan olaraq əlini müqəddəs Qura­ni-Kərimə basması və Bayrağı ürəkdən ölçməsidir. Bayrağı İlham Əliyev Qara­bağın hər azad edilmiş yerində gözünün üstünə qoymuşdur. İndi həmin hadisələrin Azərbaycan miqyasında təkrarı baş verir! Prezident and içir, vəd verir və aktiv fəa­liyyətə səsləyir! Bayraq Prezident İlham Əliyevdədir! Xalq Bayraq kimdədirsə, ona dəstək verir! Bu da qədim türklərdən gələn dyişməz bir ənənədir!

Bütün bunlara görə, “Breaking News Network Worldwide” adlı beynəlxalq inter­net nəşrinin Prezident İlham Əliyevin qa­lib gəlməsini “xalq üçün qələbə” adlandır­ması çox səmimi və doğrudur! Nəşr bunu həm də yüksək seçici fəallığı ilə əlaqələn­dirməkdə haqlıdır. İndi Andiçmə mərasimi fonunda “xalq üçün qələbə” ifadəsinin an­lamlarına baxaq. Bu məqam andiçmə mərasiminin bütün anlamlarının təmələində dayanır. Çünki Prezident İlham Əliyevin bütün uğurları konkret quruculuq prosesi ilə bağlıdır. Bu mənada andiçmənin hər bir incə məna çaları Prezidentin yeni tarixi mərhələdə hər an həyata keçirəcəyi qu­ruculuq faktlarında öz rəmzi ifadəsini və duyğusal-mənəvi coşqusunu tapacaqdır. Artıq biz “müstəqil dövlət quruculuğunun İlham Əliyev təcrübəsi” fikrini qətiyyətlə deyə və onu müxtəlif aspektlərdə təhlil edə bilərik!

Bu quruculuq möhtəşəm nəticələrlə reallaşacaqdır. İlham Əliyevin seçki plat­formasında ifadə etdiyi strateji xarakterli vəzifələrin işığında bunu aydın görə bilə­rik. Orada müasir güclü dövlət və güclü cəmiyyətin qurulması üçün bütün müd­dəalar yer almışdır! Həmin müddəalar yaxın perspektivdə Azərbaycan dövlətçili­yini çox böyük uğurlar və nailiyyətlər göz­lədiyini ifadə edirlər. Bu prosesdə cəmiyyətin, hər bir vətəndaşın üzərinə də böyük məsuliyyət düşür. Prezidentə öz fəallığımızla, dövlət­çi əməllərlə, milli təfəkkürlə bəşəri mədə­ni dəyərlərin harmoniyasına nail olmaqla, yüksək təhsilli, dilinə, dininə və mədə­niyyətinə yüksək sayğısı olan insan kimi dəstək verməliyik. Quruculuq kollektiv iş­dir. Lider onun memarı, müəyyənedicisi, strateji təşkiledicisi və bütün mənalarda aparıcısıdır. Prezidentimiz xalqımızın indiki etima­dının cavabında yenidən And İçdi! Yaşa və yarat cənab Prezident! Yaşa və yarat ki, Azərbaycanın müstəqil güclü dövlətçi­liyi daim yüksək zirvələrdə olsun!

Əyyub Əliyev
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button