Əlilliyi olan şəxslərlə birlikdə Yeni İlə həsr olunmuş inklüziv konsert proqramı keçirilib
Konsert proqramı Biz Bir Ailəyik Əlilliyi olan şəxslərə dəstək İctimai birliyi və “UĞUR EVENTS” MMC-nin təşkilatçılığı, ARTER MMC-nin əsas tərəfdaşlığı,Katana Generator MMC-nin sponsorluğu,N-Advert MMC-nin çap tərəfdaşlığı,PALLA BLİSS restoranının ev sahibliyi,Mobil Group MMC və Agile MMC-nin təşkilati dəstəyi ilə baş tutub.
Gundemws.az xəbər verir ki, 3 saylı Respublika internat məktəbinin şagirdləri və İctimai Birliyin üzvlərinin təqdimatında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbir “Azəri Atəşi” Rəqs qrupunun milli rəqsi ilə başlayıb.
“Biz Bir Ailəyik” Əlillərə Dəstək İctimai Birliyinin sədri Günay Ağazadə, Milli Məclisin deputatları -Vüqar İskəndərov, Jalə Əhmədova,Ceyhun Məmmədov,şəhid anaları,Azərbaycan Respublikasının əməkdar artisti Gülüstan Əliyeva,Əlil Velosipedçilərə dəstək İB-in sədri Amid Həsənquliyev, sevilən gənc müğənni Elvin Hümbətov və başqaları çıxış ediblər. Ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası, mədəni istirahətinin təşkili, özünüməşğulluğunun təminatı, bilik və bacarıqlarının üzə çıxarılması, idman məşğələlərinə cəlb olunması sahəsində həyata keçirilən səmərəli tədbirlərdən danışılıb, həmin kateqoriyadan olanlara ardıcıl qayğı göstərilməsinin vacibliyindən bəhs edilib. Qeyd olunub ki, əlilliyi olan şəxslərin maarifləndirilməsi, istedadlarının aşkar edilməsi, mədəni istirahətlərinin təşkili sahəsində İctimai Birliyin gördüyü işlər təqdirəlayiqdir və sosial xidmət müəssisəsində təşkil edilən inklüziv konsert proqramı bu sahədə təşkil edilən növbəti tədbirlərdəndir.
Çıxışlardan sonra konsert proqramı olub. Əlvan musiqi və rəqs nömrələrindən ibarət şou proqram hər kəsə xoş təsir bağışlayıb.
Sonda Biz Bir Ailəyik Əlilliyi olan şəxslərə dəstək İctimai birliyinin 2023-cü ildə keçirtdiyi layihələrdə və tədbirlərdə fəal iştirak etdiklərinə görə İB üzvləri Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olundular.