Analitika

Zəngilanın işğaldan azad olunmasından 3 il ötür

Zəfər tarixinə düşən hər gün Azərbaycan xalqının yaddaşında əbədiləşib və bu günlər unudulmazdır. Bu gün Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Tariximizdə çox parlaq anlar, hadisələr və qələbələr olub. Onların arasında Zəngilanın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. Zəngilanın azad olunması Qarabağın taleyinin həll olunması hesab edilirdi. 27 ildən sonra rəşadətli Azərbaycan Ordusu Zəngilanı düşməndən azad etdi. Zəngilan rayonunun işğaldan azad edilməsinin həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti isə sözsüz ki, danılmazdır. Qazanılan qələbələr təkcə silahın gücü deyil, həm də Prezidentimizin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir. Bu qələbə Ali Baş Komandanımızın, bizim birliyimizin qələbəsidir, haqq işimizin, Müzəffər Ordumuzun gücünün, rəşadətli əsgərlərimizin, Azərbaycan xalqının iradəsinin qələbəsidir! Müzəffər ordumuz 44 günlük Vətən müharibəsini Zəfərlə bitirdikdən dərhal sonra Ali Baş Komandanın işğaldan azad edilən ərazilərə səfərlər etməsi və bu ərazilərdə abadlıq quruculuq işlərinin aparılması artıq ənənə halını alıb. Artıq həmin ərazilər abadlaşır, həyat öz axarına düşür. Bunun üçün artıq heç bir maneə yoxdur. Bundan sonra illər ötsə də Azərbaycan xalqı bu şanlı zəfərlər barədə faktları, tarixi hadisələri nəsillərdən-nəsillərə ötürəcək, xatirəsini əbədiləşdirəcək. Prezident İlham Əliyev ötən ay Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışı zamanı deyib. Bildirib ki, Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq. Dəmir yolu xətləri, hava limanı – bu gün bu istiqamətdə altı və dörd zolaqlı avtomagistrallar inşa edilir. Paytaxt Bakıdan bütün bu istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Yəni bu, irihəcmli tikinti layihələridir və azad olunmuş hər bir rayon xüsusi Baş plana malikdir. Dövlət başçısı həmçinin qeyd edib: “Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə qayıtsınlar, Füzuli şəhərinə qayıtsınlar, Ağalı kəndinə qayıtsınlar, Talış və Zabux kəndlərinə qayıtsınlar. Yəni, bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək, xüsusən də Şuşa və digər şəhərlərdə. Bu, bizim proqramın tərkib hissəsidir”. Azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir. Bu ərazilərdə hidroelektrik enerjinin həcmi bu ilin sonunadək 170 meqavat, 2024-cü ilin sonuna qədər 270 meqavat olacaq. Bu da təbii ki, yaşıl enerji gündəliyinə böyük töhfə hesab olunur. Çünki Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat yaşıl enerji potensialı var. Buraya həm günəş, həm külək, həm də su elektrik stansiyaları aiddir. Bu, Azərbaycanın potensialının cüzi bir hissəsidir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı 157 qiqavat təşkil edir. Tezliklə, Azərbaycan yaşıl enerjini ixrac edən ölkə olacaqdır. Hətta yaşıl hidrogen ixrac ediləcəkdir. Dövlət başçısı İlham Əliyev: “Enerji potensialı, nəqliyyat, yaşayış layihələri – bunların hamısı bizim gündəliyimizin tərkib hissəsidir. Əminəm ki, biz bütün vəzifələrə, hədəflərə nail olacağıq və növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünü evlərinə qaytaracağıq. Yeri gəlmişkən, qeyd edim ki, artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq”.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button